İtaliya Suriyada humanitar proqramlar və infrastrukturun yenidən qurulması üçün təxminən 68 milyon avro ayırmaq niyyətindədir. Vətəninfo.az xəbər verir ki , bunu ölkənin xarici işlər naziri Antonio Tajani İtaliya parlamentində dinləmələr zamanı bildirib və bu addımın ölkənin keçid prosesinə əhəmiyyətli dəstək olduğunu vurğulayıb.
Suriya TV-nin məlumatına görə, Tayani izah edib ki, yardım səhiyyə və xəstəxana sektorlarına dəstək, həmçinin infrastruktur və ərzaq təchizatının gücləndirilməsi layihələrini əhatə edir.
O, yaxın həftələrdə yeni əməkdaşlıq layihələrinə start veriləcəyini qeyd edərək, İtaliya hökumətinin Suriyada yenidənqurma səylərinə töhfə vermək məqsədi daşıyan biznes forum təşkil etmək niyyətini vurğulayıb.
İtaliyanın xarici işlər naziri Suriya administrasiyasının verdiyi konstitusiya bəyannaməsini yüksək qiymətləndirərək, bunu “müsbət addım” kimi qiymətləndirib. O, qurumları dəstəkləmək və iqtisadi dirçəlişi təşviq etmək üçün Suriyaya qarşı sanksiyaların davamlı və tədricən yumşaldılmasına çağırıb.
Bundan əvvəl Avropa İttifaqının rəhbərlik etdiyi konfransda donor ölkələr keçid dövrünün çətinliklərində ölkənin yeni hakimiyyətlərinə kömək etmək üçün Suriyaya 5,8 milyard avro vəd etmişdilər.