Azərbaycana qarşı dini etiqad azadlığı, dini qurumlarla bağlı Qərbdə belə qərəzli hesabatların hazırlanması birinci dəfə deyil.
Bu fikirləri Hafta.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar üzrə komissiya üzvü Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, din ölkənin təhlükəsizliyinin təmin olunması prosesində ortaya atılan həssas məsələlərdən biri olduğu üçün daim nəzarətdə saxlanılır.
“Bu gün Azərbaycanda dini etiqad azadlığı yüksək səviyyədədir. Bu gün müsəlmanlar, eyni zamanda yəhudilər, xristianlar azad və sərbəst yaşayır, rahat şəkildə öz ibadətlərini edirlər. Təkcə Bakının mərkəzində bir yəhudi sinaqoqu, bir provaslav, bir katolik kilsəsi fəaliyyət göstərir, milliyyətindən, dinindən asılı olmayaraq hər bir vətəndaşımızın ibadət azadlıqları təmin olunur. Hətta Azərbaycan dövləti bu qurumların daha yaxşı fəaliyyət göstərməsi üçün onlara maddi yardımlar edir. Biz bunu Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə açıq şəkildə müşahidə edirik. Eyni zamanda, bu gün Azərbaycanda təkcə yəhudi, xristian, katolik, provaslav kilsəsi yox, hətta Qərbin bəzi ölkələrində qadağan edilən protestant kilsəsi də rahat şəkildə fəaliyyət göstərir”.
C.Məmmədov qeyd edib ki, Qərbin bəzi təşkilatları erməniərin vaxtilə İrəvanda, Göyçədə, eləcə də Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri vandalizm aktlarını görməzdən gəlib, onları tənqid etməyib, öz hesabatlarında buna yer verməyiblər. Onun fikrincə, bu faktlar onu göstərir ki, bu qurumlar ədalətsizdir və bizim ölkəmizə qarşə qərəzli siyasət həyata keçirirlər.
“Qərbin bu qurumları öz hesabatlarında Azərbaycana qarşı obyektiv yanaşmayıblar. Yaxşı olar ki, ABŞ-ın Dini Azadlıq Kamissiyası bu məsələyə obyektiv yanaşsın və ölkəmizə qarşı qərəzdən uzaq olsun”.