Tanınmış tarixçi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz ilə hafta.az üçün budəfəki söhbətimizdə bu günlərdə 110 illiyi tamam olan Çanaqqala zəfərinin əldə edilməsində Azərbaycanın qardaş Türkiyə xalqına verdiyi dəstək, yaxın günlərdə növbəti - 107-ci ildönümünü qeyd edəcəyimiz 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün geniş mahiyyəti, XX əsrin əvvəllərindən başlayaraq 1988-1994-cü illərdə Qarabağın işğalına, Xocalı soyqırımınadək və s. xalqımızın başına gətirilən bu kimi faciələrin əsas ideoloqu və təşkilatçısının Rusiya imperiyası olması və s. barədə danışdıq.
-Boran müəllim, martın 18-də qardaş Türkiyənin istiqlal savaşında böyük rol oynamış möhtəşəm Çanaqqala zəfərinin 110 illiyi tamam oldu. Həmin döyüşdə Azərbaycanın iştirakı barədə nələri söyləmək olar?
- Dünyada, demək olar ki, Türkiyə və Azərbaycan xalqları arasındakı dərin qardaşlıq duyğusu, təmənnasız yardımlaşmaya nümunəni digər xalqlar arasında tapmaq mümkün deyil. Ümumiiyyətlə, XVIII yüzilliyin ortalarından bu günədək Qafqazda zaman-zaman sabitliyin yaranmasında Azərbaycan-Türkiyə dostluğunun müstəsna rolu olmuşdur. Biz bunu hər iki xalqın tarixindəki ağır dönəmlərdə çox aydın şəkildə görə bilirik. Belə məqamlar arasında ən bariz nümunələrdən biri də Azərbaycan xalqının yetərincə çox sayda oğulları vasitəsilə I Cahan savaşı zamanı Çanaqqala döyüşündə ölüm-dirim savaşı aparan Türkiyə xalqına canıyla-qanıyla dəstək verməsidir...
Çanaqqala uğrunda döyüşən, şəhid olan Azərbaycan əsgərləri Türkiyədə daim ehtiramla anılır. Eynilə biz də Azərbaycan xalqı olaraq 1918-ci ildə Bakının və digər ərazilərimizin azad olunması uğrunda şəhid olmuş Osmanlı Türkiyəsindən gəlmiş oğulları böyük sayğı və sevgi ilə yad edirik. Hətta qəddar sovet rejimi dövründə belə, xalqımızın məlumatlı nümayəndələri qardaş Türkiyənin bu dəstəyini daim anırdı. Təbii ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra bu sevgi və sayğı ictimailəşdi, kütləviləşdi və birə min artdı. Və dünən də, bu gün də eyni sevgi və sayğını Türkiyə tərəfdən görürük və duyuruq...
-On illərdir ki, biz yaxın günlərdə növbəti - 107-ci ildönümünü qeyd edəcəyimiz 31 Mart Azərbaycanlıların Soyqırımından danışanda əsas nifrət hədəfi kimi daşnak, yaxud bolşevik cildinə girmiş erməniləri götürürük. Amma axı bu qətliamın xarici təşkilatçıları da olub. Həmin vaxt bolşevik Rusiyasının lideri Leninin Şaumyana “Bakını tutmaq bizim üçün çox vacibdir” məzmunlu teleqram vurması kiçik məsələ deyil. Xülasə, necə hesab edirsiz, 1918-ci ilin martından başlayaraq Azərbaycan ərazisində soyqırımın törədilməsində Rusiyanın rolu nə dərəcədə olub?
-XX yüzillikdə xalqımıza qarşı bir neçə dəfə - 1905-1907-ci, 1918-1920 və 1988-1994-cü illərdə soyqırımlar həyata keçirilmişdir. Həmin soyqırımların baş vermə səbəblərinin müqayisəli və tənqidi təhlili göstərir ki, onların birbaşa və əsas təşkilatçısı çar və bolşevik Rusiyası, sovet Rusiyası olmuşdur. Bunun da məqsədi Azərbaycan xalqının milli mücadiləsinin qarşısını almaq olub. Məsələn, 1905-1907-ci illərdə milli oyanışın başlanması, milli azadlıq hərəkatının yeni bir mərhələyə qədəm qoyması çar hökumətini ciddi narahat edirdi. Ona görə də etnik zəmində qarşıdurmalar yaratmaqla hər iki xalqı çox rahat şəkildə özünə tabe etdirmək siyasəti yürüdürdü. 1917-1918-ci illərdəki qətliam və soyqırımların arxiv materiallarının və fundamental araşdırmaların təhlili göstərir ki, həmin qırğınların təşkilində və icrasında da bolşevik Rusiyası həlledici rol oynamış və onların məqsədi Azərbaycanın müstəqillik qazanmasına mane olmaq, onun azad və firavan bir dövlətə çevrilməsinə imkan verməmək idi. O dövrdə bolşeviklərin Bakıdakı silahdaşlarına və erməni daşnaklarına verdikləri təlimatlarda da bunu aydın şəkildə görürük. Şübhəsiz ki, bu qırğınlarda bolşevik Rusiyasıyla yanaşı, icraçı olan ermənilərin də rolunu vurğulamamaq yanlış olardı. Əgər çar və yaxud bolşevik Sovet Rusiyası Azərbaycanın müstəqillik əldə etməsinə yol verməməyi qarşısına məqsəd qoymuşdusa, ermənilər də onları Azərbaycan ərazilərinə köçürüb yerləşdirən, onlara hər cür şərait yaradan və dövlət yaratmağa köməklik etmiş Rusiyaya dəstək verməli idi. Və onlar da azərbaycanlıları məhv etməklə torpaqlarını ələ keçirərək əvvəlcə özlərinə dövlət yaratmaq, sonra isə Azərbaycanın digər torpaqlarını, xüsusən də əbədi və əzəli torpağımız Qarabağı işğal etmək məqsədi güdürdü...
Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, 31 Mart Soyqırımı günü adlandırırıq deyə, bəzi insanlarımız elə düşünür ki, Rusiyanın ermənilər vasitəsilə təşkil etdiyi bu soyqırım yalnız elə martın bir günündə baş verib. Bu tamamilə yanlışdır. Əslində azərbaycanlıların soyqırımı 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının birinci qurultayında qəbul edilən qərarlardan sonra başlanmış və Xalq Cümhuriyyətinin yaranmasınadək fasiləsiz olaraq davam etmişdi. Amma AXC qurulduqdan sonra ilk dəfə 1919-cu ildə Azərbaycan parlamenti müzakirələr apararaq ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda öldürülən insanların xatirəsini yad etmək üçün bir günü simvolik olaraq qəbul etmək haqda qərar verdilər. Və nəticədə uzun müzakirələrdən sonra 1918-ci il martın 30-dan aprelin 1-dək Bakıda ermənilərin törətdiyi soyqırımı daha çox soydaşımızın qətlinə səbəb olduğuna və xüsusi qəddarlığıyla seçildiyinə görə bu iki tarix arasındakı 31 mart tarixini soyqırımı günü kimi qəbul etmək qərarına gəldilər...
-O da var ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı aparılmış soyqırımı aktları yalnız Bakıda, Qubada, Şamaxıda, digər bölgələrdə, ümumiyyətlə, Quzey Azərbaycanda deyil, həmçinin Güney Azərbaycanda da həyata keçirilmişdi...
-Bəli, doğrudur, digər bir məsələ 1918-ci ildəki soyqırımının arealıyla bağlıdır. Bəzilərimiz hesab edir ki, həmin soyqırımı yalnız Bakı və ətraf kəndləri, bölgələri əhatə edib. Əslində isə bu genişmiqyaslı qətliam Quba-Qusar zonasından Bakıyadək Şirvanda, Şamaxıda, Kürdəmirdə, Ərəşdə, Zəngəzurda, Qarabağda, Naxçıvanda və s. baş verməklə nəinki yalnız bütün Quzey Azərbaycanı, eyni zamanda Güney Azərbaycanı da əhatə etmişdir. Onu da deyim ki, Təbrizdə, Urmiyada, Səlmasda, Xoyda və s. həyata keçirilmiş soyqırımı qurbanlarının sayına və qəddarlığına görə Quzey Azərbaycandakından da dəhşətli miqyasda olmuşdur...
-Necə hesab edirsiz, elə “28 aprel inqilabı” adıyla 1920-ci ildə Azərbaycanın işğalı və ondan sonra ən azı 50-ci illərədək baş verən hadisələr də mahiyyətcə Rusiya-bolşevik-sovet imeriyasının xalqımıza qarşı həmin soyqırımının davamı deyildirmi?
-Tamamilə doğru düşünürsüz. 1920-ci ildən sonra Azərbaycan xalqına qarşı aparılan qəddar repressiyalar heç də 1918-ci ildəki soyqırımından geri qalmırdı. Bəziləri sovet dövründəki repressiyanı yalnız 37-38-ci illərə, uzaqbaşı 30-cu illərə aid edirlər ki, bu düşüncə də yanlışdır. Əslində xalqımıza qarşı repressiyalar, dediyim kimi, elə 1920-ci ildən, AXC-nin süqut etdiyi, “28 aprel inqilabı” adı verilmiş o müdhiş günlərdən başlamışdır. Bolşeviklərin ölkəmizin işğalı başlayan gündən keçən bir il müddətində Azərbaycanda təxminən 48 min adam qətlə yetirilmişdir. Halbuki 1934-1939-cu illər ərzində 29 min adam repressiyaya məruz qalmış və güllələnmişdir. Bir il ərzində 48 min insan qətli dəhşətli bir rəqəmdir. Belə çıxır ki, bolşeviklər həmin il boyu hər ay orta hesabla 4 min azərbaycanlını qətlə yetirirdi. Hər ayı da günlərə bölsək, deməli, hər gün təxminən 100-140 soydaşımız öldürülüb. Odur ki, tamamilə doğru buyurursuz ki, sovet dövründə xalqımızın başına gətirilən faciələr elə 1918-ci il soyqırımının müxtəlif üsullarla davamı idi...
O da var ki, bu repressiyalar boyu xalqını, millətini düşünən, qürurlu, milli qeyrətli, ətrafındakı adamlara liderlik edə bilən, digər insanların özünə nümunə götürdüyü insanları məhv etməklə həm də xalqı lidersiz, ziyalısız, başsız qoymaq idi. Eyni zamanda milli genefondumuza ağır bir zərbə vurmaqla gələcək nəsillə keçmiş nəsil arasındakı əlaqənin qırılmasına, yox edilməsinə hesablanmış bir proses idi. Həmin proses müstəqillik uğrunda mübarizəni görmüş, müstəqillik dövrünü yaşamış adamları məhv etməklə yenidən insanların düşüncəsində çar Rusiyası müstəmləkə dövrü barədəki təsəvvürü başqa ad altında, proletariat inqilabı adı altında yaşatmağa yönəlmişdi...
-Siz 1930-cu illərdə Azərbaycanda aparılmış repressiya prosesini xeyli dərəcədə araşdırmısız, bu haqda “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” və "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər” adlı iki kitab yazmısız... Adama elə gəlir ki, sanki hansısa qüvvələr həmin repressiyalarda da daha çox erməni amilini qabardır və dolayısıyla bu olayların əsas təşkilatçısı və ilhamvericisi olan Rusiya-Sovet impriyası, Stalin rejimi və onun əlaltısı Mir Cəfər Bağırovun ölkəmizdə qurduğu rejimin günahları yenə də kölgədə qalır. Cəmiyyətə elə təlqin edilir ki, guya Azərbaycan “NKVD”-sindəki Markaryanlar, Sumbatovlar, Qriqoryanlar və s. olmasaydı, həmin repsressiya törədilməz, Cavidlər, Cavadlar, Müşfiqlər haqsız, günahsız yerə məhv edilməzdi. Və sovet dövrünün sonlarından xüsusən onu da hələ qabardırdılar ki, guya məhkəmədə Bağırov deyib ki, xalqıma qarşı bu qədər qəddar olmağımın əsas səbəbi məni ermənilərin aldatması olub. Bu fikrə necə baxırsız?
-Tamamilə doğru bir baxışdır. Biz bir sıra tarixçilər də öz araşdırmalarımızda o aspektə yer vermişik ki, əslində AXC-nin süqutundan başlanan repressiyaların birbaşa təşkilatçısı və idarəedicisi sovet rəhbərliyi idi. Məsələ ondadır ki, Moskvadakılar Azərbaycandakı respressiyalarda əsas etibarilə ermənilərdən istifadə etməklə azərbaycanlıların qəlbindəki o kin və nifrəti, o qəzəb dalğasını bolşeviklərə, Kommunist partiyasına, sovet rəhbərliyinə deyil, ermənilərə qarşı yönləndirirdi. Guya xalqımıza qarşı bu siyasəti birbaşa ermənilər yürüdürdü? Xeyr, bu azğın və amansız siyasətin icra mexanizmi yerlərə bilavasitə Moskvadan, Sovet İttifaqı bolşevik-kommunist partiyası, dövlət rəhbərliyi tərəfindən hazırlanıb göndərilirdi. Azərbaycanda isə repressiyaların icrası xüsusən 1936-1937-ci illərdə “NKVD”-yə yenicə işə cəlb edilmiş orta təhsilli və ən dəhşətlisi yalnız ibtidai təhsili olan rus və erməni milliyyətindən olan müstəntiq və digər kiçik vəzifəli əməkdaşlar tərəfindən həyata keçirilmiş və günahı da əsasən onların üzərinə yıxmışlar. Bu da çox incə şəkildə düşünülmüş həyata keçirilmiş bir siyasət idi...
-İndiyədək danışdıqlarımızın məntiqilə belə çıxmırmı ki, nəinki 1905-1907-ci illərdən 1940-cı illərədək Azərbaycan xalqının başına gətirilmiş faciələr, eləcə də 1948-1953-cü illərdə yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandan deportasiyasından başlayaraq 1988-ci ildən yenə eyni ərazidən azərbaycanlıların zorakılıqla qovulması, 20 Yanvar qətliamı, Xocalı soyqırımı və bütövlükdə torpaqlarımızın 20 faizinin işğalı da həmin Rusiya imperiyasının eyni soyqırımı siyasətinin davamı olub?
- Sovet rəhbərliyi 1948-1953-cü illərdə həmin soyqırımı siyasətini bu dəfə tamam yeni bir formada, amma eyni qəddarlıq və amansızlıqla həyata keçirdi. Yüz minlərlə azərbayacanlı öz ata-baba torpaqlarından zorla köçürüldü. O dağlıq ərazilərdə yaşamış insanları guya Sovet dövləti üçün çox zəruri olan pambıq istehsalında işçi qüvvəsinin çatışmaması bəhanəsi ilə Mil-Muğanın susuz, ilan mələyən çöllərinə köçürlmüş və onlar həmin iqlim şəraitinə uyğunlaşa bilməyərək eyni zamanda şəraitsizlikdən, qida çatışmazlığılndan cürbəcür xəstəliklərə düçar olmuş və xeyli hissəsi dünyasını dəyişmişdir. Bu da faktiki bir xalqa qarşı başqa növ soyqırımı idi...
Təəssüf ki, müstəqillik illərində bir məqama diqqət yetirilmədi. Əslində bizim hazırda həmin deportasiyanı həyata keçirmiş Rusiya dövlətindən təzminat, kompensasiya tələb etməyə tam haqqımız çatır. Stalin dövründən sonra deportasiya olunmuş azərbaycanlıların bir hissəsi böyük çətinliklə öz doğma yurdlarına qayıda bilməsələr də, 1988-ci ildən başlayaraq Sovet İttifaqı sonra da Rusiya Federasiyası tərəfindən eyni siyasət davam etdirildiyindən nəinki “Ermənistan” adlanan Qərbi Azərbaycandan, üstəlik, Yuxarı Qarabağ və ətraf bölgələrimizdən də soydaşlarımız bir növ hərbi-siyasi deportasiyaya və növbəti fiziki qırğınlara məruz qaldılar.
Xocalı soyqırımı da bu imperiya siyasətinin ən dəhşətli epizodlarından biri oldu. Və nəhayət, iki əsrlik bir müddətdə Çar Rusiyası və sovet imperiyalarının türk dünyasına və Azərbaycana qarşı amansız siyasətində alət kimi istifadə olunmuş ermənizmə 44 günlük Vətən savaşı, həmçinin 2023-cü ilin sentyabrındakı antiterror əməliyyatından sonra çox böyük zərbə vuruldu və xalqımızın sonrakı tarixində də yeni faciələrə yol açacaq dərin basdırılmış o gecpartlayan “Dağlıq Qarabağ” minası ərazimizdən təmizləndi. Ona görə də ümid edirik ki, artıq bundan sonra Rusiya imperiyasının Azərbaycana qarşı apardığı bu soyqırımı, repressiya siyasəti həyata keçirməsi üçün heç bir vasitə və imkanı olmayacaq...