Bu gün Novruz bayramıdır. Sərt və şaxtalı qış öz yerini güllü-çiçəkli bahara təhvil verir. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Danılmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi və payı var. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atıb.
Təbiət bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzun dövlət səviyyəsində bayram edilməsi isə onun əhəmiyyətini daha da artırır.
Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub-saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.
Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanların sevincinə səbəb olurdu.
Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Heç şübhəsiz ki, Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilməsinin çox böyük əhəmiyyəti var. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-Maddi Mədəni irsin reprezentativ siyahısına daxil edilən, qorunma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz bayramı çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə, bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf edən Novruz bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Bu, bir daha sübut etdi ki, Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı daim artır.
Bu qərar əslində dünyanın bir çox ölkələrində, xüsusilə də türk coğrafiyasında yaşayan xalqların dünya sivilizasiyasına verdiyi mədəni töhfə kimi qiymətləndirmək olar. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur.
Xalqımızın ədət-ənənəsinə görə Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. İnanclara əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir. Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Torpaq çərşənbəsində evlərdə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni göyərmiş olur.
Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən “Kos-kosa” oyununu və falabaxmanı qeyd etmək olar. Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Bahar qızı, Kosa və Keçəl Novruzun əsas atributlarıdır.
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları da “s” hərfi ilə başlayan yeddi şey olmalıdır. Bura sumax, sirkə, süd, səməni, su, səbzi, “s” hərfi ilə başlayan xörəklər daxildir. Bunlardan başqa masanın üstünə içərisi qoz-fındıq, şabalıd, şəkərbura, paxlava, qoğal və başqa şirniyyatla dolu xonça qoyular, güzgü və şamlar düzülər. Güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir, insanı bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir.
Ənənəyə görə bayram vaxtı hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü öz evində olmasan, yeddi il evdə olmayacaqsan”.
Keçmişdə Novruz bayramı günləri bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, çünki sönmüş od, yanmayan işıq bədbəxtçilik əlaməti sayılardı.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini (quru və ya yağıntılı), məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü yaz, ikincini günün yay, üçüncünü günün payız, dördüncü gününü isə qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli həmin yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu. Novruzda həyət-bacanı təmizləyər, paltar-palazı təmiz suya çəkər, ağacların dibini belləyər, quru budaqlarını kəsib atar, bağların xəzəlini yığıb yandırır, təzə paltar geyinər, qəmgin oturmazlar. Küsülülər barışar, qohum-qardaşa qonaq gedərlər, söyüş söyməz, qiybət və qarğış etməzlər.
Artıq son beş ildir ki, digər bayramlarımız kimi, Novruzu da fərqli ovqatda, böyük qürur hissi ilə qeyd edirik. Arzular çin olub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azaddır, tarixi sahibinə qovuşub. Bu torpaqlara yeni nəfəs gəlib, Şuşada, Xankədində, Laçında, Kəlbəcərdə, Xocalıda və digər işğaldan azad olunmuş rayonlarımızda Novruz tonqalları alovlandırılır. Çal-çağırlı günlərini yaşayan Qarabağ və Şərqi Zəngəzur mərhələ-mərhələ sakinlərinə qovuşur.
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, 2025-ci idə Azərbaycan ərazisinə bahar fəsli martın 20-də Bakı vaxtilə təxminən, saat 13:01-də daxil olacaq.
Bayramınız mübarək!