Xəbər verdiyimiz kimi, Tailandda 7,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, Tailandın paytaxtında fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı məlumat öz təsdiqini tapmayıb.
Baş nazirin müavini Anutin Çarnvirakul Banqkokda vəziyyətin ciddi olaraq qaldığını, lakin fövqəladə vəziyyət elan edilmədiyini söyləyib.
Tailandın mülki aviasiya departamenti Banqkok hava limanlarının normal rejimdə işlədiyini bildirib.
Agentliyin fotomüxbiri Ann Vanq Banqkokda çökən binanın yaxınlığında olub:
"Zəlzələ baş verən zaman ticarət mərkəzində nahar edirdim. Çölə baxdım və yaxınlıqdakı binadan çoxlu tozun qalxdığını gördüm. Tikintidə çalışan işçilər tozun altında qaldılar. Hər tərəf toz-torpaqla örtülmüşdü, insanlar müxtəlif istiqamətlərə qaçırdılar. Onların çoxu dağıntıdan toz basmış ərazidə gəzirdi".
Taungnoo şəhərindən olan bir şahid “Reuters”ə bildirib ki, Kandav məscidinin bəzi hissələri cümə namazı başlamazdan əvvəl uçub və indiyə qədər dörd cəsəd tapılıb:
“İnsanlar çıxılmaz vəziyyətə düşüblər. İndiyə qədər 4 cəsəd aşkarlamışıq. Ölənlər daha çox ola bilər. Hazırda xilasetmə və dəfn mərasimi təşkil edirik. Dağılma hadisəsi namazdan dərhal əvvəl baş verib. İnsanlar qaçdı. Bəziləri isə bunu bacarmadı".
Surxay Atakişiyev, Bizim.Media