“Korintians” tarixində 31-ci dəfə Braziliyada San Paulu ştatı çempionatının qalibi olub.
İdman.biz xəbər verir ki, finalda “Palmeyras”la qarşılaşan komanda cavab matçında heç-heçə (0:0) etsə də, ilk oyundakı qələbə (1:0) sayəsində kuboku qazanıb.
"Neo Quimica Arena"da 50 minə yaxın tamaşaçının izlədiyi qarşılaşmada qol qeydə alınmasa da, gərgin anlar çox olub. Rafael Veyqa 73-cü dəqiqədə "Palmeyras"ın lehinə verilən penaltidən yararlana bilməyib. Bundan az sonra "Korintians"ın futbolçusu Feliks Torres qırmızı vərəqə ilə cəzalandırılıb. Nəticədə hakim oyuna 16 dəqiqə artırmalı olub.
“Korintians”ın baş məşqçisi Ramon Diaz bu uğurla karyerasında qazandığı kubokların sayını 17-yə çatdırıb. Bununla o, hesabında 16 kubok olan əfsanəvi Helenio Herrera, eləcə də hərəyə 15 kubokla Karlos Byanki və Marselo Qalardonu geridə qoyaraq, ən titullu argentinalı məşqçi olub.
"Korintians"ın ən tanınmış oyunçusu Niderland millisinin forvardı Memfis Depay Braziliyada ilk titulunu qazanıb.
"Palmeyras" isə ardıcıl dördüncü dəfə ştat çempionu olmaq şansını əldən verib və 26 titulda qalıb. "San Paulu" və "Santos" isə hərəyə 22 dəfə San Paulu ştatı çempionu olublar.
İdman.biz