ABŞ-ın “Raytheon” şirkəti “Coyote” süzən sursat ailəsinin yeni versiyasını hazırlayıb.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, “Coyote LE SR” adlanan yeni versiya “Nine Mile” təlim mərkəzində sınaqdan keçirilib.
Sınaq zamanı “Coyote LE SR” süzən sursatı helikopterdən atılıb. Beləliklə, “Coyote” ailəsinin üzvlərindən biri ilk dəfə helikopterdən atılmış olub.
“Coyote LE SR”, hava, yer və dənizdən atılan, o cümlədən müxtəlif tapşırıqları yerinə yetirə bilən “Coyote” ailəsinin üzvüdür. Bu ailənin əvvəlki variantları antidron sistemi kimi döyüşlərdə müvəffəqiyyətlə istifadə edilib və yüzlərlə pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Döyüş meydanında təhdidləri aşkarlamağa, müəyyənləşdirməyə, tapmağa və məhv etməyə imkan verən “Coyote LE SR”, kəşfiyyat, müşahidə, hədəf aşkarlama, ektron müharibə, dəqiq zərbə və rabitə missiyalarını həyata keçirə bilər.
Yeni süzən sursat avtonom əməkdaşlıq texnologiyasından istifadə edərək yaxınlıqdakı digər sensor və sistemlərlə əlaqə qurur ki, bu da ona real vaxt rejimində döyüş meydanındakı məlumatlara əsaslanaraq taktikasını tənzimləməyə və missiya hədəflərinə daha sürətli və effektiv şəkildə çatmağa imkan verir.