Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi sıralarında çoxlu müsəlman əsgərin olduğu Ukrayna ordusu üçün məscid açıb. “Selam Hərbi Məscidi” adlanan binanın tikinti xərcləri xeyriyyəçilərin köməyi ilə qarşılanıb.
Hafta.az-ın yazdığına görə, açılış mərasimi ənənəvi olaraq Qurani-Kərimin oxunması və kütləvi dua ilə baş tutub.
Mərasimə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov, briqada generalı Dmitri Usov, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin müsəlman əsgərləri, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri və sair iştirak edib.
İmam Süleyman Hayrullayev məsciddə müsəlmanların Qurani-Kərim oxuya və mənəvi əqidələrini gücləndirə biləcəklərini, cümə namazlarının qılınacağını, məclislərin keçiriləcəyini bildirib. Məsciddə namaz qılmaq üçün lazım olan hər şeyin olduğu deyilib. Həmçinin bildirilib ki, məsciddə Qurani-Kərimin Ukrayna dilinə tərcüməsi də yer alacaq.
Məscidin açılışında iştirak edən Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirilo Budanov Rusiyaya qarşı döyüşdə göstərdikləri şücaətə görə ukraynalı müsəlman əsgərlərə təşəkkür edib.