"Avropa Komissiyası vətəndaşlara ekstremal vəziyyətlərdə ən azı 72 saat ərzində şəxsi "strateji ehtiyat" toplamağı tövsiyə edir..."
Avropa Komissiyası Avropa İttifaqı vətəndaşlarının müxtəlif böhran ssenarilərinə, o cümlədən müharibəyə hazırlıq planını hazırlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "currenttime.tv" nəşri məlumat yayıb.
Bu proqram 30 konkret tədbirdən ibarətdir və onların məqsədi fövqəladə hallarla "onların mahiyyətindən və səbəbindən asılı olmayaraq" minimal itkilərlə mübarizə aparmaqdır.
Sənədi hazırlayanlar qeyd edir ki, Avropa COVID pandemiyasından və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra "daimi hazırlıq vəziyyətindədir". Üstəlik, təbii fəlakətlər və maliyyə böhranları riski də qalmaqdadır.
"Yeni reallıqlar Avropada yeni hazırlıq səviyyəsi tələb edir. Vətəndaşlarımıza, üzv dövlətlərimizə və biznes sektoruna həm böhranların qarşısını almaq, həm də fəlakət baş verən zaman tez reaksiya göstərmək üçün düzgün alətlər lazımdır", - Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.
Strateji hazırlıq və əsas ictimai funksiyaların qorunması
Strategiya çərçivəsində fövqəladə halların idarə edilməsi üçün Avropa İttifaqının "beyni" rolunu oynayacaq böhran koordinatoru mərkəzinin yaradılması planlaşdırılır.
Bundan əlavə, xəstəxanalar, məktəblər, nəqliyyat və telekommunikasiya sektorları üçün minimal hazırlıq standartları müəyyən ediləcək ki, onlar ekstremal şəraitdə işləməyə davam edə bilsin.
Həmçinin dərman preparatları, xammal və enerji avadanlıqları kimi vacib resursların ehtiyatlarının artırılması vacib sayılır.
Vətəndaşlar üçün "strateji ehtiyat" tövsiyələri
Avropa Komissiyası vətəndaşlara ekstremal vəziyyətlərdə ən azı 72 saat ərzində kənar kömək olmadan yaşaya bilmək üçün şəxsi "strateji ehtiyat" toplamağı tövsiyə edir.
Avropanın "təcili çanta"sına aşağıdakılar daxildir: vacib sənədlərin surətləri, su ehtiyatı, dərman preparatları, kibrit və ya alışqan, fənər və batareyalar, isti geyimlər, uzunmüddət saxlanıla bilən ərzaq məhsulları.