Son 10 il ərzində Gürcüstanda 250-dən çox məscid daimi istifadə üçün müsəlman icmasına verilib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müsəlman icmasının şərəfinə təşkil olunmuş iftar mərasimində çıxış edərkən deyib.
Kobaxidze Gürcüstanın çoxmillətli və çox konfessiyalı ölkə olduğunu, Gürcüstan hökumətinin müsəlman icmasına maksimum dəstək verdiyini və bu dəstəyin gələcəkdə də davam edəcəyini vurğulayıb.
"Biz fəxr edirik ki, bizim həqiqətən nümunəvi birgə yaşayışımız var və biz birlikdə ölkəmizin gələcəyini yaradırıq. Gürcüstan hökuməti xüsusilə 2014-cü ildən sonra müsəlman icmasına maksimum dəstək verir və bu dəstək gələcəkdə də davam edəcək. Son 10 il ərzində 250-dən çox məscid daimi istifadə üçün müsəlman icmasına verilib və hökumət tərəfindən maliyyələşdirmə formasında 35 milyon lari ayrılıb”, - Baş nazir bildirib.
İftar mərasimində Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Qərbi Gürcüstanın müftisi Adam Şantadze, Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Faiq Nəbiyev və Şərqi Gürcüstanın müftisi Etibar Eminov çıxış ediblər.
Gürcüstanın Baş nazirinin adından müsəlman icmasının şərəfinə təşkil olunan iftarda Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tean Axvlediani, Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze, parlament üzvləri, dövlət nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.