AZ

Nərimanaman

80-lərin uşaqları xatırlayar, Stiv Makmanaman var idi. Nərimanaman ilə heç bir əlaqəsi olmayan məsələdir.

Sadəcə, Nərimanın bir yaman işindən aman edirik.

Gənc, istedadlı, perspektivli oyunçudur. Braqadakı alınmayan, Bakıda o komandaya qarşı reallaşdırdığı qolun dramatizmindən qabaran, parlayan bir sima oldu.

Lakin…

Niyəsə imkan və sevgi kimi nəsnələrə çatanda gənc futbolçularımız özünü itirir. Məsələn, bu, Nəriman da özünü qol vurarkən etdiyi “susun” əl jestiylə büruzə verir.

Dünən “Turan Tovuz”a qalib gəldikləri oyunda (4:1) baxımlı qola atan Nəriman yenə o jesti nümayiş etdirdi.

Yəqin ki, milli komandanın uğursuz nəticələrinə görə tənqid/qınaq hədəflərindən biri olduğu üçün belə jest göstərdi.

Haqlı olaraq, şərhlərdə əksəriyyət novcavanın millinin heyətində qol vurub bu jesti göstərməsini daha uyğun olacağını bildirir.

Ümumiyyətlə, Nəriman bəzən bu jesti lazımsız, mənasız yerə də göstərir.

Qol vurmusan, pakizə! Sevin, xoşbəxt ol, pozitiv saç, daha niyə kinini azarkeşə qaytarırsan? Bununla adam nəyə nail ola bilər? Yaxud bu rəftarın gedişatı prosesi hara aparır?

Dünyagörüş, məntiq, ideyasızlıq və s.

Təsəvvür edək, gənc oyunçu qolunu onu tənqid edən azarkeşlərə üzrxahlıq, yaxud onların qınağın anlayışla qarşıladığını ifadə edən bir jestlə qeyd edir. Necə gözəl, pozitiv, sevimli görünərdi…

Di gəl, Nəriman elə də “susun” göstərir ki, deyirsən, bu adam dağı dağ üstünə qoysa, adamı o dağın ətəyində basdırar ki…

Qəlibə oturtmaq, “sən belə etməlisən, bəli doğrudur taftologiyasından uzaq, məsələ sadəcə, pozitiv axtarmaq, onu önə çəkməkdir. İrəliyə təkan verən… Kinlə irəli getmək mümkünsüzdür.

Tək Nəriman deyil, Toral da jestləriylə heç vaxt pozitiv saçmayıb. Bu məsələlər əhəmiyyətsiz görünə bilər, amma elə deyil…

Elvin Cəfərquliyevin ötən mövsümün nəticələrini görə mükafatlandırma mərasimindən tribunaya gedərkən yerişi, acıq vermək məqsədilə etdiyi hərəkətlər, “bədən dili” ikrah hissi yaratmışdı. Avrokubok təsnifat mərhələsində aldığı lazımsız vərəqələrə görə tənqid olunmasına o cür reaksiya verirdi. Bu tərz peşəkar idmançıya yaraşmır, ona başucalığı gətirmir.

Əslində, xarakter kimi formalaşmamaq hər işin başında durur. Problem də burdan qaynaqlanır…

Kamil Əhməd

Seçilən
19
futbolpress.az

1Mənbələr