Əslində isə, yeni kurikulum layihəsinin başlanması üçün baza formalaşdırılmalı, universitetlərdə buna uyğun tədris həyata keçirilməli, kadrlar yetişməli, sonra isə icrasına başlanılmalı idi. Belə etmədik, kəllə-mayallaq oldu... Bir neçə formal təlimlərlə tələm-tələsik işə başladıq.
Təsəvvür edirsinizmi, universitetlərin pedaqoji faükltələrinin tədris proqramları son dəfə 2020-ci ildə yenidən işlənib və bu da məktəbdəki mahiyyəti tam ifadə etmir. Yeni kurikulumun tələblərinə cavab verən tədrisi universitetlərimizdə qura bilməmişik. Hələ də köhnənin qalıqları altında toz-torpağa bürünmüşük. Günümüzün müəlliminin bilməli olduğu ən vacib məsələlər bilik deyildi, müəllimlik səriştəsi, bacarıqları idi. Nəzəriyyə yüklü imtahanlarla müəllimliyə qəbul edib, Nəzəriyyə yüklü universitet tədris proqramı ilə kadr yetişdirib, sonra da nəzəriyyə yüklü imtahanlarla işə qəbul edib, dedik ki, get indi məktəbdə yeni kurikuluma, təfəkkür məktəbinə cavab verən müəllim ol!
Sinfə girən müəllim üçün yaxşı psixoloji durum, analitik zəka, ünsiyyət bacarığı, davranış qaydalır, pedaqoji bacarıq biliklə ən azı 50/50 yə bölünməlidi idi. Amma biz məktəbi təfəkkür məktəbinə çevirib, müəllimi yaddaş məktəbinin məzunu kimi yetişdirdik illərdir. Ona görə də gənclərin məktəbdə yaxşı kadr kimi işə başlaması üçün ən az 5 il lazım oldu və bu proses bir-birini əvəzləyə-əvəzləyə davam etdi.
Sözsüz ki, kurikulum vaxtında doğulmayan uşaq kimi ələ-ovuca gətirmək üçün böyük zəhmət hesabına başa gəldi. Yəni təməli o qədər yanlışlıqla, ölçüb biçmədən qoyduq ki, ucaldıqca əyrisi-üyrüsü üzə çıxdı. İndiyə qədər üstümüzə yıxılmayıbsa (bəlkə də yıxılıb altında qalmışıq), şükür etmək lazımdır. Halbuki ovaxtkı başbilənlər vahid təhsil konsepsiyası hazırlayıb, onunla hərəkət etməli, mərhələ-mərəhələ həyata keçirməli idilər. Şərqli psixologiyası ilə "karvan yolda düzələr" dedik. Bu da həmişə düzəlmir, düzələnə qədər də itkilər çox olur.
Birmənalı şəkildə deyim ki, təhsildə birinci görülməli olan məsələ sistemdir, yəni təhsil sisemi... Biz təhsildən nə istəyirik, nə gözləyirik, bu yolla getsək, hansı nəticələr əldə edəcəyik, tipli sualların cavabını öncədən bilib, yola çıxmalıyıq. Şəxslərə yox, sistemə bağlı olmalıyıq. 30-35 illik hədəflər müəyyənləşməli, kiçik mərhələlər bölünüb addım-addım icra olunmalıdır.
P.S. Bir hadisəni danışım, siz təsəvvür edin, durumumuzu. 2005-2006-cı il olardı. Misir müəllimin də iştirakı ilə bir müzakirə keçirilirdi. O zaman alternativ dərsliklər dəbdə idi. Bir-ikisi də bizim Azərbaycan dilinin də bəxtinə düşmüşdü. Eyni siniflər üçün iki fərqli müəllifin kitabı vardı. Mənim də iki 6-cı sinfim vardı. Ona görə də hər sinfə girəndə dərsi bir kitabdan keçirdim. Nəzəriyyə yüklü olduğundan hər müəllifin fərqli yanaşması var idi. Bir sinfə girib, "yüz on bir" mürəkkəb sözdür, bir sinfə girəndə isə söz birləşməsidir, deyidim. Beləcə, vəziyyəti idarə edirdik. Ona görə də qalxdım ayağa, fikrimi izah etdim, bizə çarə qılın, dedim, durumumuz ağırdır. Biz müəllimlər yazığıq, bizi kim düşünəcək? Xeyli də alqış aldım və diqqət çəkdim. Tədbir bitəndə nazirin məmurlarından biri mənə yaxınlaşıb adımı, soyadımı, telefonumu götürdü, bir az söhbətləşdik. İkilikdə dərdimi bir az da izah etdim. Sizcə, mənə nə desə yaxşıdır? Dedi ki, müəllim, nə edək, ağsaqqal adamlardır, birtəhər idarə edin, bu gün sabah biri rəhmətə gedəcək, onda da biri təxirə salınacaq...
Bu, bizim milli xəstəliyimizdir, yəni xətir üçün xəstə yatmaq...