Dünyanı velosipedlə gəzən 66 yaşlı Li Dongju uzun səyahətlərinin həyatını dəyişdiyini deyir.
Hafta.az-ın yazdığına görə, CNN-ə müsahibə verən Li, 50 yaşlarının sonlarında başladığı velosipedlə səyahət macərasında indiyədək üç qitənin 12 ölkəsində olub.
Kamboca, Fransa və Avstraliya kimi müxtəlif ölkələrə səfər edən çinli qadın 2005-ci ildə ərindən boşandıqdan sonra ağır depressiyaya düşdüyünü və çarəni təkbaşına velosipedlə səyahət etməkdə tapdığını bildirir.
O, Cənub-Şərqi Asiyadan Avropaya və Okeaniyaya səyahətləri zamanı "həyatının dəyişdiyini" belə izah edir: "Velosipedlə səyahətə başlamazdan əvvəl özümü daha çox başqalarından asılı idim. Özümü quyuda sıxışdırılmış qurbağa kimi hiss edirdim. İndi mən vəhşi canavaram, azad, qorxmaz və müstəqiləm".
2002-ci ildə dövlət tekstil fabrikində işdən çıxarılandan bəri aylıq 3 min yuan (təxminən 710 manat) təqaüdlə dolandığını bildirən Li, əvvəlcə dəbilqə aldığını, sonra oğlunun ona qatlanan dağ velosipedi hədiyyə etdiyini deyir.
O, əvvəlcə "dünyanın damı" adlandırılan Tibetə velosipedlə getməyi xəyal etdiyini, lakin bunun maddi cəhətdən mümkün olmadığını anlayanda bir il müxtəlif evlərdə təmizlik işləri apardığını və pula qənaət etdiyini bildirir.
Cənub-Şərqi Asiya macərası üçün internetdə tanış olduğu iki təcrübəli velosipedçiyə qoşulmaq üçün kifayət qədər pul yığdığı zaman yola çıxan Li, səfər zamanı Vyetnamda olarkən qrupu itirdiyini söyləyib. Bildirib ki, ölkəsinə ancaq orada rastlaşdığı çinli velosipedçi kömək etdikdən sonra geri dönə bilib.
Li izah edir ki, o, velosiped sürməyə alışmaq üçün Çinin cənub-şərqindəki Haynandan qərbdəki Sincan-Uyğur Muxtar Rayonuna qədər uzun bir səyahətə çıxıb. Hətta pudel cinsi iti Çili səyahətlərində onu müşayiət edirdi.
2015-ci ildə yaşadığı bu təcrübədən sonra uzun bir səyahətə çıxmağa hazır olduğunu bildirən Li, iki il sonra 4 ölkədə təxminən 70 gün səyahət etdiyini və çoxlu gözəl xatirələr topladığını deyir.
Yaşadığı mənfi təcrübələrə baxmayaraq səyahət etməkdən vaz keçməyəcəyini bildirən Li: "Məqsədim ən az 100 ölkəni ziyarət etməkdir. Səyahət dərman kimidir, bir dəfə dadına baxanda bir daha dayana bilməzsən" deyir.