Almaniyada yerləşən “Henkel” şirkəti tərəfindən istehsal olunan “Tec İtaliya” şampununun tərkibində “klebsiella oxytoca” (çubuqşəkilli bakteriyadır, mədə-bağırsaq traktında, insanın tənəffüs yollarının dəri və selikli qişasında olur) patogeninin olduğu müəyyən edilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra səlahiyyətlilər şirkətin mindən çox şampununu rəflərdən geri çağırmaq qərarına gəlib.
Mütəxəssislər geri çağırma elanının ABŞ bazarına təsir etdiyini və şampunun tərkibində “klebsiella oxytoca” olan yeganə məhsul olmadığını iddia edirlər.
“Klebsiella oxytoca” qan dövranına daxil olduqda, qızdırma, titrəmə, nəfəs darlığı və öskürək kimi pnevmoniyaya bənzər simptomlar da daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Bakteriyalar həmçinin, beyin və onurğa beynini əhatə edən toxumaların iltihabı ilə nəticələnən menenjit və sidik yollarının infeksiyaları kimi həyati təhlükəsi olan vəziyyətlərə də səbəb ola bilər. “Klebsiella oxytoca” infeksiyasının xəstələrin 10-20 faizində ölümə səbəb olduğu təxmin edilir.
Aygün Hüseyn, Bizim.Media