“İndi, bu gerçəklikdə isə mən MƏN deyiləm... Yarımçığam, natamamam, nabalığam... Bilmirəm, ƏN-əm, yoxsa Ə-yəm, bəlkə də MƏ-yəm...”
“QƏLƏM, səndən üzr istəyirəm, məni bağışla! Səni boş yerə saatlarla sıxıb, tərlədib yoruram...”
“Allah, öncə SƏN məni bağışla! Mənə beyin, göz, qulaq, dil, ağız, əl vermisən... Fəqət, gördüklərimi, eşitdiklərimi, duyduqlarımı düzgün, dürüst şəkildə, əsil GERÇƏK kimi deyə, yaza, təsvir edə, anlada bilmirəm...”
...Birdən hansısa bir ərköyün oxucu, yaxud elə yaxın qohum-filan rast gələndə soruşur ki, ay müəllim, qəzetinizdə, saytınızda filan hadisə, yaxud problem barədə niyə yazmırsız... Vallah, cavabında özümü itirirəm, utanıram... Çoxlarını başa salmaq olmur ki, yazmaq - asan peşə deyil. Yazmaq da, söz demək də, gördüyün, bildiyin gerçəkləri söyləmək də elə bəşərin ən çətin və təhlükəli peşələri sırasındadır... Əsil yazar, yazıçı, jurnalist də daim təhlükə altındadır. Təyyarəçi, şaxtaçı, nə bilim, gəmiçi, balıqçı kimi... Elə son illər dünyada öldürülən, həbs edilən yazarların, jurnalistlərin sayı hər şeyi deyir...
...Bəzən sözlərinlə bərabər uçursan, yüksəkliyə qalxırsan; onda gərək yüksəkliyi düzgün nizamlayasan, həddindən artıq yuxarı qalxsan, havasızlıq səni boğar, yaxud Rusiyanın raketlərindən, dronlarından biri təsadüfən(!) ağzından girib qulağından çıxar...
Hərdən də tunel qazıb yeraltı getmək istəyirsən, onda gərək torpağa, qrunta, quma, daşa vurduğun hər zərbəyə diqqət edəsən – bir də gördün, vurduğun tunel uçdu,özün qaldın altında...
Birdən də üzgüçü, gəmiçi kimi söz çaylarına, dəryalarına baş vurursan... Di oğulsansa, çayı tərsinə, yəni axınına qarşı üz görüm, nə təhər üzürsən... Vay o gündən ki, çay daşa və qara qayaları, daşları, qoca, qurdlanmış kötükləri gətirib başına çırpa, o dünyalıq olasan...
Gərək dəryada da çox uzaqlara, dərinlərə baş vurmayasan; akulalar qabağına çıxıb, səni bir göz qırpımında uda bilər...
Ən nəhəng gəmilərə də etibar yoxdur. Bir də gördün, bircə kəlməyə görə qəfil bir tufan qopdu, səni gəmi qarışıq gömdü dəryanın dibinə...
Hərdən də sakit bir dənizdə balıq tutmağa çalışırsan... Oturub səbirlə gözləyirsən; bir balıq, iki balıq, üç balıq... Beqafıl qarmağına kilki əvəzinə, nəhəng bir köpəkbalığı düşür və səni dartıb kəllə-mayallaq suyun dibinə aparır... De, gözlə görək Fövqəladə Hallar Nazirliyinin xilasediciləri nə vaxt gələcək...
Hər oxucuya, bunları izah etmək çətindir. Odur ki, çox vaxt “Niyə filan-bəhmən şeyləri yazmırsız” sualına rəhmətlik Bəxtiyar Vahabzadənin bir misrasıyla kəsə cavab verirəm: “Sən hardan biləsən, nə çəkirəm mən...”
Eyni zamanda elə belə sual verən oxuculardan biri mənə “yazar”, “jurnalist” deyəndə həm utanıram, həm də əsəbiləşirəm... Deyirəm ki, mənə nəyə görə “yazar”, “jurnalist” deyirsən, sənin dərdlərini, problemlərini, şikayətlərini olduğu kimi yaza bilirəmmi? Bu tribunadan öz ürəyimdən keçənləri, sənin ürəyindən keçənləri cəmiyyətə gərəkli şəkildə çatdıra bilirəmmi? Yox... Təəssüf ki, yox... Onda mən hardan yazar, jurnalist oldum?.. Onda hardan mən MƏN oldum?.. Əgər sənin dediklərin arasında yaza bilmədiklərimi də burada yaza bilsəydim, deyə bilsəydim, hə, onda, əsil yazar, jurnalist olardım, onda mən MƏN olardım... İndi, bu gerçəklikdə isə mən MƏN deyiləm... Yarımçığam, natamamam, nabalığam... Bilmirəm, nəyəm.. ƏN-əm, yoxsa Ə-yəm, bəlkə də MƏ-yəm...
QƏLƏM, səndən üzr istəyirəm, məni bağışla! Səni boş yerə saatlarla sıxıb, tərlədib yoruram... Kompüter, klaviatura, oturduğum stul, qarşımdakı masa, sizlər də bağışlayın məni, boş, mənasız yerlərə, yazı yazmaq xatirinə sizləri istismar edirəm...
Allah, öncə SƏN məni bağışla! Mənə beyin, göz, qulaq, dil, ağız, əl vermisən... Fəqət, gördüklərimi, eşitdiklərimi, duyduqlarımı düzgün, dürüst şəkildə, əsil GERÇƏK kimi deyə, yaza, təsvir edə, anlada bilmirəm... Əfv et bizləri, Ya RƏBBİ, əsil CƏZAnı da, MÜKAFATI da SƏN verəcəksən bizlərə... Əsil MƏHKƏMƏni də yalnız SƏN quracaqsan, ən dürüst, ən arif OXUCU da SƏNSƏN... Ən böyük HAKİM də yalnız SƏNSƏN... Və biz nadürüst, natamam, nabalığ bəndələr hər cəzana layiqik...
Bilmirəm, indi bayaqkı sualları verən oxucular, qohumlar məni anladı, yoxsa yox...
Sultan Laçın