"Rusiya və Çin Arktika regionuna maraq göstərir, ABŞ və Avropa müttəfiqləri isə tempə uyğun gəlmir..."
Putinin sərt çıxışından sonra Vens Qrenlandiyaya yollanlıb və danimarkalıları məzəmmət edib
ABŞ vitse-prezidenti Ceyms Vens Danimarka krallığının tərkibinə formal daxil olan, lakin geniş muxtariyyətə malik Arktika adasına Qrenlandiyaya rəsmi səfər edib.
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Vens öz səfərini beynəlxalq təhlükəsizlik və dünya güclərinin (və ya özünü belə hesab edənlərin) qarşıdurması mövzusu ilə əlaqələndirib.
O, jurnalistlərə bildirib ki, Rusiya və Çin Arktika regionuna maraq göstərir, "ABŞ-ın Avropadakı müttəfiqləri isə tempə uyğun gəlmir". Vens vurğulayıb ki, hazırda Qrenlandiyanı nəzarətdə saxlayan Danimarka "müdafiəni təşkil edə bilməyib və bu dəyişməlidir".
Xatırladaq ki, ABŞ-ın hazırkı administrasiyası Qrenlandiya məsələsini, eləcə də ona yaxın regionlar olan Panama kanalı, Meksika və Kanada ilə münasibətlər mövzusunu gündəmə gətirib.
Qeyd edək ki, Qrenlandiya İkinci Dünya müharibəsinə qədər Danimarkanın hakimiyyəti altında olub. Danimarka nasist Almaniyası tərəfindən işğal edildikdə, ABŞ Qrenlandiyanı öz himayəsinə götürüb.
Müharibədən sonra ada yenidən Danimarkanın nəzarətinə qayıtsa da, artıq muxtariyyət statusu qazanıb və eyni zamanda ada üzrə birgə Danimarka-Amerika müdafiə sazişi bağlanıb.
ABŞ prezidenti Donald Tramp özünəməxsus sərt üslubda 2019 və 2024-cü illərdə Danimarkaya Qrenlandiyanı "satın almağı" və bunun müqabilində illik 600 milyon dollar ödəməyi təklif edib.
Buna cavab olaraq həm Danimarka, həm də Qrenlandiya hakimiyyətləri qürurla bəyan edib ki, "ada satılmır və həmişə müstəqil qalacaq". Bununla yanaşı, ada hökumətinin başçısı 56 min əhalisi olan adanın tam muxtariyyəti barədə daha açıq danışmağa başlayıb və koalisiya partiyaları Danimarkadan ayrılaraq "müstəqilliyə doğru hərəkət" barədə razılığa gəlib.
Bundan bir neçə gün öncə isə Rusiya prezidenti Vladimir Putin Murmanskda bəyan edib ki, "ABŞ-ın Qrenlandiya ilə bağlı ciddi planları var" və "Vaşinqton Arktikada geostrateji, hərbi-siyasi və iqtisadi maraqlarını sistemli şəkildə irəli aparmağa davam edəcək".
"Bizi, əlbəttə ki, yalnız NATO ölkələrinin ümumilikdə Şimal qütbünü mümkün münaqişələr üçün bir meydan kimi daha çox nəzərdən keçirməsi narahat edir. Onlar bu şəraitdə, o cümlədən öz yeni üzvləri Finlandiya və İsveç vasitəsilə qoşunların tətbiqini məşq edir. Halbuki, biz onlarla indiyədək heç bir problem yaşamamışdıq. Öz əlləri ilə nə isə yaradırlar. Niyə? Heç cür başa düşülmür. Amma hər halda, biz reallıqdan çıxış edərək, bütün bunlara cavab verəcəyik", - Putin vurğulayıb.
Rusiya lideri qeyd edib ki, Moskva "vəziyyətin inkişafını diqqətlə izləyir, adekvat reaksiya xətti qurur, Silahlı Qüvvələrin döyüş qabiliyyətini artırır və hərbi infrastruktur obyektlərini modernləşdirir".
Ukrayna müharibəsinin nəticələrindən sonra Rusiyanın regional hegemonluq iddiaları ciddi sual altına düşsə də, ümumilikdə Trampın başladığı "qlobal yenidən bölüşdürmə" prosesi yeni gərginliyə səbəb ola bilər.
Bununla yanaşı, XX əsrin sonlarına doğru formalaşan geosiyasi vəziyyət, görünür ki, artıq tükənib və əsas sual bu yenidən bölüşdürmənin necə və nə vaxt başlanacağıdır.