Almaniya Bundesliqasının təmsilçisi “Leypsiq” 48 yaşlı alman mütəxəssis Marko Roze ilə yollarını ayırdığını bəyan edib.
Arena.az bu barədə “Leypsiq”in mətbuat xidmətinə isrtinadən məlumat verir:
“Leypsiq” baş məşqçi Marko Rozeni müvafiq səlahiyyətlərindən Bazar günü azad edib. Qərar dərhal qüvvəyə minir. Onun köməkçiləri Aleksander Sikler, Marko Kurt, Frank Qeydek və Frank Eqiq də öz vəzifələrini tərk edirlər. Klub, mövsümün sonuna qədər müddətə komandanı kimin çalışdıracağını yaxın vaxtlarda bəyan edəcək”, – “öküzlər”in rəsmi bəyanatında deyilir.
Marko Roze peşəkar məşqçilik karyerasına 2010-cu ildə “Maynts”da baş məşqçinin köməkçisi vəzifəsində başlayıb. Alman mütəxəssis məşqçilik karyerası ərzində Leypsiq “Lokomotiv”i, “Zalsburq”, Mönhenqladbax “Borussiya”sı və Dortmund “Borussiya”sını çalışdırıb.
Marko Roze “Leypsiq”in sükanı arxasına 2022-ci ilin sentyabr ayında keçmişdi. “Öküzlər” Rozenin rəhbərliyi altında ümumilikdə 127 oyuna 72 qələbə, 22 heç-heçə, 33 məğlubiyyət yaşayıblar. Komandanın top fərqi isə 251:156 nisbətindədir.
Roze “Leypsiq”ə Almaniya Kubokunu (2022/2023) və Almaniya Super Kubokunu (2023/2024) qazandırıb.
27 oyundan 42 xalla “Leypsiq” Almaniya Bundesliqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.