“Betis”in ispan hücumameylli yarımmüdafiəçisi İsko İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə İspaniya La Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.
Mükafat uğrunda səsvermənin nəticələrinə görə, İsko “Real”dan Kilian Mbappeni, “Rayo Valyekano”dan Pedro Diası, “Valensiya”dan Umar Sadiqi, “Selta”dan Markos Alonsonu (Alonso) geridə qoyub. Bu, İskonun 2024/2025-ci illər mövsümündə ilk müvafiq mükafatıdır.
Mart ayında ispan yarımmüdafiəçi La Liqada 3 oyun keçirib, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Vurğulayaq ki, La Liqada ayın sonuncu oyunu statistik məlumatlarda adətən növbəti ayın oyunu olaraq hesablanır. Beləliklə, İskonun fevral ayının sonunda “Xetafe” ilə oyundakı (2:1) nəticələri də nəzərə alınır, ümumilikdə – 4 oyun, 4 qol və 2 məhsuldar ötürmə.
İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyul ayında “Malaqa”ya transfer edilmiş futbolçu burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyul ayında “kral klubu” İskonu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş yarımmüdafiəçi 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında futbolçu o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış yarımmüdafiəçi “Betis”ə 2023-cü ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir. Yarımmüdafiəçi “Betis”lə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə İsko “Betis”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 9 qol vurub, 5 məhsuldar ötürmə verib.
İskonun “Betis”in heyətində çıxışının ümumi mənzərəsi isə 55 oyun, 18 qol və 12 məhsuldar ötürmədən ibarətdir.
İsko 2013-cü ilin fevral ayında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İstedadlı futbolçu İspaniyanın əsas yığmasına U16-dan U21-ə qədər bütün yolu keçməklə düşüb. Yarımmüdafiəçi İspaniyanın U-21 yığması ilə 2013-cü il Avropa Çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 32 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.