AZ

Yusif Ağanın 7 kq-lıq qızıl kəməri Aşotun belində necə tapıldı?

Ermənilərin 1918-ci ildə azərbaycanlıların soyqırımı vaxtı qətlə yetirdiyi şəxslərdən biri də Yusif Ağadır. 

İrəvan yaxınlığında yerləşən Arbat kəndinin ən varlı adamlarından biri olan Yusif Bayramov 1914-cü ildə bölgədə vəziyyət pisləşəndə ailəsini Arazın o tayına - Cənubi Azərbaycana keçirmək istəyib. Bu məqamda ona ermənilərin mal-qaranı oğurlayıb aparması barədə xəbər verirlər.

O, xəbəri alan kimi Cənuba getmək fikrindən daşınır və İrəvana yollanır. Bu səbəbdən ailəsi də Arazı keçmir və kəndə geri dönürlər. 

Amma İrəvana gedən Yusif Ağadan xəbər-ətər çıxmır. Ailəsi onunla bağlı heç bir məlumat ala bilmir. Üstündən uzun illər keçəndən sonra Yusif Ağadan qara xəbər gəlir. Məlum olur ki, Vazgen adlı erməni onu qətlə yetirib.

Bu faciəli tarixçəni Bizim.Media-ya bu gün Qubada Soyqırmı Memorial Kompleksində ziyarətçilər arasında olan Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəsi Dilşad Bayramova danışıb. 

O bildirib ki, 1947-ci ildə Yusif Ağanın öldürüldüyündən ilk dəfə qaynı xəbər tutub:   

“Qaynı İrəvanda toyda Aşot adlı erməninin belində Yusif Ağanın yeddi kiloluq qızıl kəmərini görür. Yaxınlaşıb həmin ermənidən kəməri hardan aldığını soruşur. Aşot da həmin kəməri Vazgen adlı ermənidən aldığını deyir. Beləliklə, Yusif Ağanın qaynı izə düşüb həmin erməninin yaşadığı yeri araşdırır. Evində pis vəziyyətdə, kir-pas içində tapdığı Vazgendən Yusif Ağanı soruşur. Vazgen Yusif Ağanı öldürdüyünü etiraf edir. Deyir ki, mən onu günahsız yerə öldürdüm, Allah da məni cəzalandırdı, bəla göndərdi. Mənim yeddi oğlumu Böyük Vətən Müharibəsinə apardılar, amma heç biri qayıtmadı, Yusifin isə bircə oğlu getmişdi, o da sağ-salamat qayıtdı”.

Dilşad Bayramovanın sözlərinə görə, zaman-zaman ermənilər hər fürsətdə müsəlmanlara belə divan tutublar:

"Ona görə də 1918-ci ildə Quba qəzasında və ümumən Azərbaycanda ermənilərin törətdiyi misli görünməmiş soyqırım hadisələri tarixin ən qəddar qətliamı kimi tarixə düşüb".

Söhbət əsnasında Dilşad Bayramova öz aikləsinin də 1948-ci ildən Qubada məskunlaşdığını bildirib. O, Qərbi azərbaycanlıların qədim İrəvana geri dönəcəkləri günü səbrsizliklə gözlədiklərini qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media, ŞimalBürosu

Seçilən
53
1
bizim.media

2Mənbələr