AZ

Bu il qışın sərt keçməsi Astarada limon bağlarına ziyan vurub

Astara, 1 aprel, İlkin Adıyev, AZƏRTAC

Bu il qışın sərt keçməsi Astarada sitrus bağlarına, xüsusilə də limon ağaclarına ciddi ziyan vurub. Şaxtalı hava nəticəsində ağaclar zədələnib, üzərlərində qalan meyvələr çürüyüb, yarpaqları saralıb, bəzi hallarda isə ağaclar tamamilə quruyub. Fermerlər bu təbii fəlakət səbəbindən orta hesabla 4-5 min manat maddi itki ilə üzləşiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fermerlər yeganə çıxış yolu kimi zədələnmiş ağacları kəsib onların yerində yenilərini əkmək məcburiyyətində qalıblar. Lakin yeni əkilən ağaclardan məhsul götürmək üçün ən azı 2-3 il gözləmək lazım gələcək, bu isə fermerlər üçün həm vaxt, həm də əlavə maliyyə itkisi deməkdir.

Fermerlər bildirirlər ki, əgər ağaclarını vaxtında sığortalasaydılar, bu gün dəymiş ziyan barədə narahat olmazdılar.

“Bu il qış həddindən artıq sərt keçdi. 71 yaşım var indiyə qədər belə hava şəraitinə rast gəlməmişəm. Adətən hər il 10 min, 15 min, bəzən 20 min limon satırdım. Amma bu il heç nə əldə edə bilmədim. Bütün ağaclarım 10-15 illik idi. Onları budadım və yerə tökdüm. Əgər sığorta elətdirsəydim, dövlət hər ağac üçün mənə kompensasiya ödəyərdi. Hər ağac orta hesabla 800 limon versə, bu 8-10 min limon deməkdir. Onların ən aşağı qiymətlə belə 5 min, 4 min, hətta 2 min manat dəyəri var” , – deyə fermer Zəbiəli Əliyev bildirib.

Bioloq Yunus Qulamovun sözlərinə görə, qış aylarında şaxtaların olması təbii hadisədir və ağaclar buna müəyyən qədər uyğunlaşa bilir. Lakin vaxtsız, yəni yanvar ayından sonra baş verən şaxtalar bitkilər üçün daha təhlükəlidir. Çünki bu dövrdə ağaclarda şirə hərəkəti başlayır və həmin vaxt baş verən şaxtalar onların zədələnməsinə, hətta bəzi hallarda tələf olmasına səbəb olur: “Əgər yarpaqları və pöhrələri şaxta vurubsa, bu, məhsuldarlığa birbaşa təsir edəcək. Demək olar ki, limon ağaclarının çoxu zərər görüb, xüsusilə də yarpaqları və meyvələri ciddi ziyan görüb. Təsərrüfatlara dəymiş ziyan orta hesabla 1000 manatdan 5000 manata qədər, daha iri təsərrüfatlarda isə 10 min manata qədərdir”.

Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, fermerlərlə dəfələrlə maarifləndirmə işləri aparılıb və onlara şaxta və donvurma risklərinə qarşı sığorta müqaviləsi bağlamaları tövsiyə edilib. Lakin sığorta könüllü olduğu üçün digər əkinçilərin əksəriyyəti bu imkandan istifadə etməyib və nəticədə sığorta ilə təmin olunmadıqlarına görə, dəymiş zərəri qarşılaya bilmirlər. Donvurma nəticəsində sığortası olmayan fermerlər üçün nazirlik tərəfindən hər hansı maddi yardım ayrılmır. Buna görə də biz fermerlərə mütəmadi olaraq tövsiyə edirik ki, hər il şaxta və donvurmaya qarşı sığorta müqavilələri bağlasınlar. Belə hallarla üzləşdikdə, yalnız sığorta vasitəsilə maliyyə itkisini qarşılamaq mümkündür”.

Qeyd edək ki, Astara rayonunda ümumilikdə 4563 hektar sitrus meyvə bağı mövcuddur. Bu bağların əksəriyyəti 2018-ci ildən sonra salınmış birdəfəlik bağlardır. Fermerlər həmin bağlar üçün birdəfəlik subsidiyalardan faydalanıblar. Məhz bu subsidiyaların nəticəsində bölgədə sitrus meyvə bağlarının ümumi sahəsi 2200 hektardan 4563 hektara qədər artırılıb.

 

Seçilən
75
azertag.az

1Mənbələr