Bu gün 1 Aprel – Ümumdünya “Gülüş Günü”nü qeyd edirik. Gülüşün sadəcə bir əyləncə vasitəsi olmadığı, həm də sağlamlıq üzərində mühüm təsirə sahib olduğu artıq elmi araşdırmalarla sübuta yetirilib. "Gülüş terapiyası" adlanan bu metod, müasir tibbdə immun sistemini gücləndirən və stressi azaldan bir yanaşma olaraq istifadə edilir.
Elmi araşdırmalar göstərir ki, gülüş insanın immun sistemini gücləndirir. Gülüş, beyində endorfin və serotonin kimi hormonların ifrazını artırır, bu da stressi azaldaraq insanın ümumi əhval-ruhiyyəsini yaxşılaşdırır. Həmçinin, gülüş bədənin bir çox orqanını aktivləşdirir, qan dövranını tənzimləyir və qida maddələrinin hüceyrələrə daha yaxşı daşınmasını təmin edir. Bunun nəticəsində, gülüş həm fiziki, həm də zehni sağlamlıq üçün çox faydalıdır.
"Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a açıqlamasında gülüş terapiyasının Azərbaycanda tətbiqinin mümkün olduğunu bildirib: "Bəli, bu ölkəmizdə tətbiq edilə bilər. Çünki bəzi xəstəliklər var ki, onlar gülüş terapiyasından faydalana bilər. Məsələn, yuxu pozğunluğu yaşayan, daim yatmaq istəyən və ya stress keçirən xəstələrə bu terapiya tətbiq edilə bilər."
Akif Kərimov əlavə edib ki, gülüş sağlamlığın bir qoludur və immun sistemini gücləndirərək insanları sağlam şəkildə müdafiə edir. Lakin bu metodun müalicəvi məqsədlər üçün effektiv olmasını təmin etmək üçün, onun tədqiqatlarla və proqramlı şəkildə həyata keçirilməsi vacibdir. "Bu sahədə xüsusi müalicə metodları və elmi yanaşmalarla proqramlar işlənməlidir", – deyə QHT sədri vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az