Çinin genişmiqyaslı hərbi təlimlərə başlaması düşmənlərinə gözdağı verməkdədir.
Hafta.az-ın yazdığına görə, Tayvanın yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığının sözçüsü polkovnik Şi Yi təlimə komandanlığın quru, hava, dəniz və raket qüvvələrinin elementlərinin qatıldığını bildirib.
Sözçü Şi, Tayvanı əhatə edən təlimin "dəniz-hava döyüş hazırlığı patrulları, hərtərəfli üstünlük əldə etmək, dəniz və quru hədəflərinə hücumlar, əsas əraziləri və dəniz zolaqlarını bağlamaq" mövzularına diqqət yetirəcəyini, qoşunların birgə əməliyyat qabiliyyətini yoxlamaq məqsədi daşıdığını vurğulayıb.
Bu təlimin Tayvanın müstəqilliyini müdafiə edən separatçı qüvvələr üçün "sərt xəbərdarlıq" və "güclü çəkindirici həmlə" olacağını ifadə edən Şi, bunun Çinin suverenliyini və milli birliyini qorumaq üçün "qanuni və zəruri bir hərəkət" olduğunu müdafiə edib.
Çin ordusu 2022-ci ildə, o zamankı ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana, 2023-cü ildə Tayvan rejiminin o vaxtkı lideri Tsai İnq-venin ABŞ-a səfərindən sonra, 2024-cü ilin may ayında Tayvanda yeni lideri Lai Çing-te vəzifəsinin icrasına başladığı zaman və ilk “Milli gün” çıxışını etdiyi oktyabrda adanın ətrafında hərtərəfli hərbi təlimlər təşkil etmişdi.
Sözügedən məşqlər “Birgə Qılınc” adlanır.
Başda ABŞ və bəzi müttəfiqləri olmaqla Tayvan separatçı rejimi ilə əlaqələr quraraq adanı maksimum hərbiləşdirməyə və bu yolla Çinin ərazi bütövlüyünü parçalamağa çalışsalar da, bütün dünya, o cümlədən Azərbaycan Tayvan adasını Çin Xalq Respublikasının ayrılmaz bir parçası olaraq tanımaqdadır.