Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən, “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi üçün 2025-ci ilin dövlət büdcəsindən 98 794 manat vəsait ayrılıb. Bu qərar istedadlı gənclərin inkişafına, yaradıcılıq potensiallarının stimullaşdırılmasına və onların cəmiyyətə faydalı töhfələr verməsinə yönəlib.
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Tükəzban Süleymanova QHT.az-a açıqlamasında bu təşəbbüsün gənclərin motivasiyasını artıracağını və onların yaradıcılıq sahəsində irəliləyişinə müsbət təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, istedadlı gənclərin aşkar edilməsi və inkişaf etdirilməsi prosesində QHT-lərin xüsusi rolu var:
"Gənclərin intellektual, mədəni, yaradıcılıq və s. sahələr üzrə inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lərin icra etdikləri müxtəlif layihələr zamanı belə gənclər hər zaman müşahidə olunaraq aşkar edilir. Lakin problem, belə gəncləri düzgün istiqamətləndirmək və potensiallarını doğru reallaşdırmalarına dəstək olmaqdır. Bəzən olur ki, məsələn, bir tədbirdə çox istedadlı gənc rəssam aşkar edirsən, amma onu doğru istiqamətə yönləndirmədikdə, həmçinin potensialı nəzərə alınmadıqda bir növ, qalır kölgədə...Bu, günümüzün acı həqiqətlərindən biridir və belə nümunələr kifayət qədərdir. Düşünürük ki, belə proqramlar bu qəbildən olan gənclərin üzə çıxmasına yardımçı olacaq."
Tükəzban Süleymanova əlavə edib ki, istedadlı gənclərin ölkədə qalaraq fəaliyyət göstərməsi elmin, mədəniyyətin və yaradıcılığın inkişafına mühüm töhfələr verə bilər:
"Bunun üçün onların maddi rifahının yüksəldilməsi, eləcə də, fəaliyyətinin daha da stimullaşdırılması üçün işlər görülməlidir. Bu işdə "dövlət-özəl sektor" işbirliyi də önəmlidir. İş adamlarının və ya hüquqi şəxslərin təşviq edilməsi yolu ilə bu prosesə cəlb edilməsi düşünürəm ki, müsbət nəticə verə bilər".
Pərvanə Fərhadqızı
QHT.az