Təbiəti mühafizə etmək, ekologiyanı qorumaq, yaşıllıqların qiymətini bilmək hər birimizin vətəndaşlıq borcudur. Çünki biz udduğumuz oksigeni məhz bu yaşıllıqlar vasitəsilə alırıq. Ancaq təəssüflər olsun ki, bəzi işbazlar öz maraqları naminə bu yaşıllıqları məhv edərək, ağacları kəsərək yerində obyektlər, çoxmərtəbəli binalar tikirlər. Baxmayaraq ki, Azərbaycan Respublikasının qanunları ağacların qanunsuz kəsilməsini qadağan edir və buna görə, qanunvericilikdə müəyyən cəza mexanizmləri də mövcuddur.
Bu dəfə KONKRET.az-ın redaksiyasına müraciət edən və video faktlar göndərən oxucular Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacların kəsilməsindən gileyləniblər. Göndərilən videoda yaşıl ağacların xüsusi ağır texnikalar vasitəsilə kəsildiyi, köklərinin qoparıldığı əks olunub. Təbiətə qarşı bu cür aqressiv münasibətin səbəbi bəlli olmasa da, ağacların gecə saatlarında kəsilməsi “işbaz”ların şəxsi maraqlarının ön plana çıxdığı gün kimi aydındır.
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Avant Group” MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
“Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”, qurumdan bildirilib.
Ümid edirik ki, aidiyyatı qurumlar məsələyə hüquqi qiymət verəcəklər və bu şirkətin təbiətə ziyan vuran rəhbərliyi qanunauyğun şəkildə cəzalandırılacaq. Yəni təkcə maddi cəza yox, həm də digər cəza növləri tətbiq olunacaq və bu, ekologiyaya ziyan vurmaq haqda düşünən bütün “işbaz”lara bir dərs olacaq.
Aynurə İsmayıl
KONKRET.az