Xəbər verdiyimiz kimi, son günlər Ermənistan mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutur, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları ilə kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edir. Bununla yanaşı, qarşı tərəf dezinformasiyalar yayaraq sözügedən təxribatları ört-basdır etməyə çalışır.
Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general-mayor Yücel Karauz Publika.az-a açıqlama verib.
Onun sözlərinə görə, böyük dövlətlər Qafqazda sülh, sabitlik, əmin-amanlıq istəmədikləri üçün Ermənistandan alət kimi istifadə edirlər:
“Böyük güclər Qafqazda daim müharibənin hökm sürməsinin tərəfdarıdır. Ermənistanın isə təxribatlar etməkdə iki məqsədi var. Birincisi, vaxta qənaət etmək, ikincisi isə cavab əməliyyatları vasitəsilə qisas almaqdır.
Bu vaxt ərzində Azərbaycanı beynəlxalq ictimaiyyətin gözündə çətin vəziyyətə salmaq, onu sülh, sabitlik, əmin-amanlıq istəməyən ölkə kimi qələmə vermək istəyirlər. Ona görə də bir tərəfdən 17 maddə üzrə razılığa gəldiklərini və tezliklə sülh müqaviləsini imzalamalı olduqlarını bildirirlər, bir tərəfdən də təxribatlara əl atırlar. Avropa İttifaqının (Aİ) Ermənistandakı “müşahidə missiyası” isə Azərbaycan torpaqlarında bayraq nümayişi kimi məqsədləri bəlli olmayan fəaliyyətlər həyata keçirir”.
General qeyd edib ki, Ermənistan Avropa missiyasından ruhlanaraq Azərbaycan əsgərlərinə qarşı cinayətlər törədir:
“Bununla da 200 ildir başqa dövlətlərin “piyada”sı olan Ermənistan heç bir mahiyyəti olmayan planlar qurmaqda, öz dövlətinin, millətinin mənafeyini, rifahını nəzərə almamaqda davam edir. Bu vəziyyət qəbuledilməzdir. Nə vaxt Azərbaycan üçün uğurlu hadisə baş versə, beynəlxalq aləmdə nüfuzu yüksəlsə bu cür hadisələr baş verir. Məsələn, Bakı Qlobal Forumu, Naxçıvan-İğdır Qaz Kəmərinin açılışı bunlara nümunədir.
Azərbaycan buna səssiz qalmayacaq. 2020-ci ildə də olduğu kimi, heç kim Azərbaycanın qalib dövlət kimi sülhə verdiyi töhfədən, xoş niyyətindən sui-istifadə etməməlidir. Dəmir yumruq qüvvədədir. İndi qisas almaq istəyənlər İkinci Qarabağ müharibəsində onlara zərbə endirən dəmir yumruqdan yetərincə dərs almayıblar. Ermənistanın başa düşdüyü sülh anlayışı Azərbaycanın sülh anlayışından fərqlidir. Onlar sülh sazişini lazımi qaydada imzalamayıb, bədxah fəaliyyətlərini davam etdirərsə, Üçüncü Qarabağ müharibəsi qaçılmazdır”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun İctimaiyyətlə əlaqələr üzrə müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı mətnin müzakirəsi yekunlaşıb və iki tərəf arasında olan anlaşmaya görə, artıq bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur.
“Lakin təcrübə onu deməyə əsas verir ki, Ermənistanla bağlanacaq hər bir müqavilənin həm hüquqi əsası, həm də siyasi bazası, çəkisi olmalıdır. Bu gün Azərbaycan Respublikasının Ermənistandan istəyi ondan ibarətdir ki, yeni konstitusiya qəbul edilməlidir və onlar normativ hüquq çərçivəsində Azərbaycana qarşı heç bir ərazi iddiası etməməlidir. Ermənistan dövlətinin Azərbaycanla, erməni torpaqları ilə bağlı ideoloji baxış bucaqları dəyişməlidir.