AZ

“Elxan Məmmədov özünü bilməməzliyə qoymuşdu” - Bu təklif o vaxtdan AFFA-nın marağında olmayıb

"Bu gün 25 yaşlı futbolçu tapmaq çox çətindir, amma 17, 18 və 19 yaşlı futbolçu tapmaq hardasa mümkündür. Dünyada məşq edən hər 400 uşaqdan cəmi 2 peşəkar futbolçu çıxır. Bu dünyanın statistikasıdır”.

Bunu "Yeni Sabah"a açıqlamasında keçmiş futbolçu və tanınmış idman jurnalisti Ağa Dadaşzadə bildirib.

O qeyd edib ki, vaxtilə özü də baza komanda nümunəsində təkliflə çıxış edib:

“Bu, gözəl fikirdir. Lakin individual olaraq, keyfiyyətli oyunçumuz çox azdır. Komanda olaraq da elə bir komandamız yoxdur. Xaricdə buna “qızıl 23-lük” deyirlər. Ən yaxşı 23 futbolçudan ibarət komanda yığılır.

Bunu 2016-cı ildə Elxan Məmmədova demişdim. Amma Elxan Məmmədov özünü bilməməzliyə qoymuşdu. Bu təklif o vaxtdan AFFA-nın marağında olmayıb.

Bu gün elə bir komandanın yaradılmasına ehtiyac yoxdur. Çünki bizim bazamız yoxdur. Bunu sağlam rəqabət formasında etmək olar. Əgər biz U-19, U-21 yaxud əsas milli komanda üçün bir komanda qururuqsa, ondan ən az 6 ay nəticə istəməməliyik.

İlk növbədə, U-21-in məşqçisi Ayxan Abbasov bircə yerdə işləməlidir. Doğrudur, sevindirici haldır ki, milli komandada azərbaycanlı baş məşqçimiz işləyir və yaxşı nəticə göstərir. Amma bu gün Ayxan Abbasov “Şamaxı”da yetərli qədər uğurlu deyil. Yəni 1 əldə 2 qarpız tutmaq olmur.

Ayxan Abbasov yaxşı məşqçidir, lakin onun vaxtı yoxdur ki, həm klubu çalışdırsın, həm də U-21 üçün oyunçu tapsın. Fikrimcə, Ayxan Abbasov sırf millidə çalışsa, daha çox uğur qazanar.

Bu gün 25 yaşlı futbolçu tapmaq çox çətindir, amma 17, 18 və 19 yaşlı futbolçu tapmaq hardasa mümkündür. Dünyada məşq edən hər 400 uşaqdan cəmi 2 peşəkar futbolçu çıxır. Bu dünyanın statistikasıdır.

Seçmə komandalar üçün axtarıb yeni futbolçular ortaya çıxarmaq olar. Bunun üçün ilk növbədə baş məşqçiyə şərait yaradılmalıdır ki, söz sahibi olsun. Bu gün bəzi klublar var ki, obyektiv və subyektiv məsələlərə görə AFFA onlara söz deyə bilmir”. 

Ağa Dadaşzadə yaxşı yerli futbolçular tapmaq üçün skautların cəlb edilməsinə ehtiyac olduğunu vurğulayıb:

“Bu nümunə “Şamaxı” klubunda yoxlanıldı. 2 mövsüm öncə legionersiz komanda formalaşdırdılar. Amma Rəşad Əzizli və bir neçə oyunçudan başqa gözəbatan bir futbolçu olmadı. Hətta Rəşad Əzizlinin özü də əzmkar çıxışına baxmayaraq, “Şamaxı”ya dəvət olunmadı. Digər futbolçuların əksəriyyəti isə çox zəif və perspektiv vəd etməyən oyunçulardır.

Bütün müəllimlərə, məşqçilərə səslənirəm. Azərbaycanlı futbolçular fiziki cəhətdən çox zəifdirlər. Məsələn, Əli Vəlidən üstün ola bilər. Amma Əli Reşfordla, yaxud hansısa digər əcnəbi futbolçu ilə müqayisə oluna bilməz.

Bizim futbolçular fiziki cəhətdən çox zəifdir. Bu gün milli komandada Səbuhi Abdullazadənin, Nəriman Axundazənin vurduğu zərbələr 30 metrdən artıq getmir. Belarusla oyunda bir ayağı güclü futbolçu tapılmadı ki, qapıya zərbə endirsin.

Yaxşı futbolçu tapmaq, yetişdirmək üçün skautlar, Şahin Diniyev kimi mütəxəssislər işləməlidir. Bu daha uğurlu variant olar. Pulu onsuz da sağa-sola xərcləyirlər. De Byazinin dövründə biz heç olmasa futbol görürdük, Santuşun Azərbaycan futbolundan ümumiyyətlə başı çıxmır”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
52
1
yenisabah.az

2Mənbələr