Son üç ayda qızılın qiyməti təxminən 500 dollar artıb və ölkəmizdə evlərin qiymətləri də davamlı şəkildə yüksəlir. Bəs qızıla, yoxsa daşınmaz əmlaka yatırım etmək daha sərfəlidir?

Moderator.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc həm qızılın, həm də daşınmaz əmlakın investisiya növü olaraq hansının daha sərfəli olduğuna diqqət çəkib.
İqtisadçı qeyd edib ki, qızıl əsrlər boyu dünya xalqları tərəfindən yığım vasitəsi kimi istifadə edilib:
“Hazırda da qızıl ehtiyatları yüksək olan ölkələr daha güclü iqtisadiyyatlara sahib sayılır. Qızılın alıcılıq qabiliyyəti və dayanıqlığı yüksəkdir, çünki həm də zinət əşyası kimi istifadə olunur. İnsanlar bunu nəzərə alaraq qızılı yığım vasitəsi kimi qəbul edirlər. Lakin, investisiya baxımından qızılın əlverişli olduğunu demək çətindir. Daşınmaz əmlak, qızıldan fərqli olaraq, qoyulan investisiyanı geri qaytarmaq və hətta gəlir əldə etmək imkanlarına malikdir. Daşınmaz əmlak qiymətinin yalnız bahalaşması ilə kifayətlənmir, həm də ondan məqsədyönlü istifadə, məsələn, kirayə və ya icarə gəliri əldə etmək imkanı verir. Bu da daşınmaz əmlakı investisiya baxımından qızıla nisbətən daha cazibədar edir. Qızılın qiymətinin artması, yığım vasitəsi kimi cəlbedici olsa da, müasir yanaşma daha fərqlidir. Əgər bir investisiya, məsələn, manat, dollar, qızıl və ya daşınmaz əmlak kimi qiymətli bir əmlak, davamlı olaraq gəlir gətirmək qabiliyyətinə malik deyilsə, o zaman ona olan maraq zamanla azalır. Müasir iqtisadi təfəkkürə sahib olan sahibkarlar və vətəndaşlar daha çox daşınmaz əmlaka üstünlük verirlər, çünki bu sahə hər il qiymətinin artması və eyni zamanda əhalinin artımı ilə bağlı təbii bir prosesin nəticəsidir. Beləliklə, daşınmaz əmlak uzun müddətli investisiya baxımından daha üstün hesab olunur”.
V.Oruc əlavə edib ki, qızılın qiymətində son üç ayda baş verən artım, yalnız bu dövrlə məhdudlaşmır:
“Əslində, əvvəllər də qızılın qiymətlərdə artım müşahidə olunurdu. Lakin bu artım, qızılın daşınmaz əmlakla müqayisədə investisiya cazibədarlığını üstələdiyini göstərmir. Proqnozlar göstərir ki, qızılın qiymətinin daha da bahalaşacaq. Qızılın qiymətinin artımının əsas səbəblərindən biri iqtisadi faktorlardır. Dünyada inflyasiya prosesi geniş yayılıb və bu, qiymətlərin yüksəlməsinə, eləcə də milli valyutaların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Belə bir şəraitdə qızıl, ənənəvi olaraq qiymətini qoruyur və bahalaşır. Bu, eyni zamanda daşınmaz əmlakın qiymət artımına da təsir edir. Çünki inflyasiya hər iki bazarda — qızıl və daşınmaz əmlakda — qiymətlərin artımına gətirib çıxarır. Vətəndaşlar yalnız yerli daşınmaz əmlak bazarında qiymətlərin bahalaşdığını desələr də ,əslində bu, qlobal bir prosesdir. Araşdırmalar göstərir ki, daşınmaz əmlak qiymətləri dünyanın bir çox bölgəsində, o cümlədən qonşu ölkələrdə də artmaqdadır. Bu tendensiya, yalnız Azərbaycana xas deyil. Hər bir investisiya vasitəsinin öz riskləri var. Daşınmaz əmlakın investisiya olaraq cazibədarlığı da müəyyən riskləri ilə bağlıdır. Məsələn, təbii fəlakətlər, yanğınlar, sunami və zəlzələlər kimi hadisələr daşınmaz əmlaka zərər verə bilər. Lakin, əgər daşınmaz əmlak sığortalanıbsa, bu halda baş verə biləcək itkilər sığorta tərəfindən əvəzlənə bilər. Risklər hər bir investisiya növü üçün təbiidir, amma daşınmaz əmlak, düzgün idarə edildikdə və sığortalandıqda, riskləri daha yaxşı idarə etmək mümkündür”.
İqtisadçı xatırladıb ki, 2016-cı ildən etibarən qızılın qiyməti təxminən 2,5 dəfə artıb, eyni zamanda daşınmaz əmlakın qiymətində də ciddi artımlar müşahidə olunub:
“2016-cı ildən bəri daşınmaz əmlakın qiyməti 2,5-3 dəfə artmışdır, bu da qızılın qiymətindəki artımdan daha çoxdur. Nəticədə, qızıl və daşınmaz əmlakın hər biri müəyyən faydalar və risklər təqdim edir, amma müasir iqtisadi şəraitdə daşınmaz əmlak daha çevik və gəlirli bir investisiya növü kimi qiymətləndirilir”.
Mehin Mehmanqızı