İstanbulda etirazlar CHP-nin nəzarətindən çıxır, qlobalçı şəbəkə də İmamoğlu kartından maksimum yararlanmağa çalışır
Ərdoğan CHP-nin üzləşdiyi fəlakətli durumdan maksimum yararlanacaq
Namiq Bilal
İstambul meri Əkrəm İmamoğlu həbs edildi. Cümhuriyyət Xalq Partiyası (CHP) da bu həbsə etirazlarla cavab verir. Kənardan belə görünür. Pərdə arxasında isə çox böyük kürəsəl oyun gedir. Anlamağa çalışaq.
Dinc məcrada davam edən kütləvi etiraz aksiyaları demokratiyanın tərkib hissəsidir. CHP kimi köklü partiyanın meydanlara yüz minləri və hətta milyonları çıxarma potensialı əlbəttə ki, var. Belə etirazlar dəfələrlə təkrarlanıb, aksiyalar da dinc şəkildə tamamlanıb. Lakin indiki aksiya addım-addım sərtləşməyə doğru gedir.
Hadisələrin ilk günlərində baş verənlər qlobalçı mərkəzlərin hazırladığı və müxtəlif ölkələrdə həyata keçirdiyi rəngli inqilabları xatırladırdı. Belə inqilablar eyni cinsli ekizlər kimi bir-birinə çox bənzəyir. Aksiya öncə dinc şəkildə başlanır, sonra bir mərkəzdən idarə edilən mütəşəkkil qruplar seçilmiş şüarlar səsləndirir.
Paralel olaraq əvvəlcədən təlimat almış minlərlə mənzildə gecə saatlarinda işıqlar sanki bir əlin işarəsi ilə nizamlı qaydada yandırılıb söndürülür, ardından balkonlarda boş qazanları döyməyə başlayırlar. Növbəti günlərdə meydana kaskalı gənclər gəlir. Şiddəti artırma siqnalı verildikdə isə meydanlara üzü maskalı insanlar çıxır və polisə fiziki təzyiq göstərməyə, daş, yandırıcı maddələr və metal parçaları atmağa başlayırlar.
