AZ

Uşaqların kitabı...

Azyaşlıların oxuma mədəniyyətini necə formalaşdıraq?

İnsan mütaliə edərək öz dünyagörüşünü, həyat təcrübəsini, mənəviyyatını və nitq qabiliyyətini daha da artırır. Ona görə də kitab hər zaman bilik, zəka, idrak mənbəyi, kamillik zirvəsi hesab edilib. Hətta insanlar ən yüksək keyfiyyətləri mütaliə etməklə qazanırlar. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran əhəmiyyətli bir vasitədir. Böyük şəxsiyyətlərin həyatlarına nəzər yetirdikdə, onların hərtərəfli inkişafında mütaliənin əhəmiyyətli rol oynadığını aydın şəkildə görə bilərik.

Uşaq və yeniyetmələrin də mənəvi, intellektual və estetik inkişafında kitabın rolu danılmazdır. Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir... Kitablar hər zaman yanımızdadır, ən sadiq dostlarımızdır. Hər hansı bir məlumat öyrənmək istəsək, kitablar köməyimizə çatar, bütün suallarımızı cavablandırarlar.

Tarixə nəzər...

Aprelin 2-i Beynəlxalq Uşaq Kitabı Günüdür. Bu tarixin seçilməsini alman yazıçısı Yella Lepman istəyib. 1967-ci ildən başlayaraq Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarıyla 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Günü kimi qeyd olunmağa başlayıb.

Lepmanın bu istiqamətdəki təklifləri bununla kifayətlənmir. O, hələ 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “balaca nobel mükafatının” - Hans Xristian Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən etibarən məşhur nağılçının adını daşıyan bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsmi çəkən 17 illüstrasiyaçı - rəssama təqdim olunub. İlk dəfə bu, 1956-cı ildə ingilis nağılçısı Eleanor Fardkona, 1958-ci ildə isə İsveç yazıçısı Astrid Lindqrenə verilib. Sonra bu sırada alman yazıçısı Erix Keçtner, Ceyms Kryuss, italyan Canni Rodarı və başqalarının adı yer alıb. Ancaq təəssüflər olsun ki, Azərbaycana bu mükafat hələ ki, qismət olmayıb. Beynəlxalq aləmdə uşaq kitabı üzrə daha bir mükafat da var: bu, son illər nəşr olunan ayrı-ayrı uşaq kitablarının illüstrasiyasına və onların dünyanın müxtəlif dillərinə tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur.

Uşaq kitablarının tarixi isə daha qədimdir. Bu tarix 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsindən hesablanır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədiylə rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Krunzo” (1719) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olundu. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə “Min bir gecə”, “Ələddin”, “Əli-Baba və qırx quldur”, “Sindibadın yeddi səyahəti” nağılları da qeyd olunmalıdır. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldığı nağılları da uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını çox sadalamaq olar. XIX əsri uşaq ədəbiyyatının “qızıl əsri” sayanlar da çoxdur.

Körpənin ilk kitabı necə olmalıdır?

Körpənin əyani olaraq kitabla ilk tanışlığı 1 yaşından başlayaraq mərhələlərlə aparılmalıdır. Qısa və az cümlələrdən ibarət olan, əlvan şəkilli və ən əsası dözümlü materialdan hazırlanmış kitablar seçilməlidir ki, körpə onları vərəqləyərkən cıra bilməsin. Elə kitab seçmək lazımdır ki, şəkilləri böyük və qabarıq səthli olsun. Körpə əllərini səhifə üzərində gəzdirəndə şəkilləri hiss etməyi bacarsın. Elə balaca yaşlardan başlayaraq uşağa hədiyyə kimi rəngli, şəkilli jurnallar, kitabçalar almaq lazımdır. Beləliklə, uşağın gözü kitablara və oxumağa alışacaq.

Kitabı uşaqlara necə sevdirməli?

Valideynlərin çoxunu narahat edən məsələlərdən biri uşaqlara nağılları və ya hekayələri kitabdan oxumağın və ya danışmağın hansının daha doğru olması barədədir. Psixoloqlar hər iki metoddan istifadə etməyi tövsiyyə edirlər. Onların fikrincə, uşağa nağıl danışmaq uşaqda emosional sferanın inkişafına kömək edəcək, amma mütləq nağılı danışanda, çalışın, oradakı personajları əlinizdən gəldiyi qədər təqlid edə biləsiniz. Beləliklə, nağılı uşaqlara sevdirmək olar. Daha sonra nağılı kitabdan oxumaq lazımdır, bu, uşaqlarda sevdiyi nağılın fonunda kitabı sevməyi öyrədəcək. Mütəxəssislər qeyd edir ki, uşağa birbaşa kitabı sevdirməyə çalışmaq düzgün deyil.

Kitabı uşağın yaşına görə seçin!

Uşaqlara kitab seçərkən uşaqların yaşı nəzərə alınmalıdır, çünki seçilən kitab uşağın yaş dövrünə uyğun olmadıqda uşaq o kitabdan zövq ala bilməz və kitaba marağı azalar. 2-3 yaşlı uşaqların nağıl qəhrəmanları onların hər hansı bir əşyası olmalıdır. Məsələn: Sevdiyi oyuncaq, xoşladığı cizgi qəhrəmanı və s. Bu yaşda uşaqlar hər hansı təkrarlayıcı hərəkətləri olan nağılları sevirlər.

4-6 yaşlı uşaqlar daha çox sehrli nağılları dinləməyi sevirlər.

7 yaşdan sonra uşaqlar sehrli nağıllarla bərabər, döyüş, müharibə, faciə, eyni zamanda tərbiyəvi süjetli (xeyir və şər, pislik və yaxşılıq və s.) müxtəlif nağılları dinləyə bilərlər. Valideynlər bu nüansları nəzərə alıb uşaqlarına kitablar seçsələr, uşaqlarında kitablara maraq yaradarlar.

Uşaq kitab oxumursa...

Psixoloqların əksəriyyəti müasir dövrümüzdə uşaqların kitaba maraq göstərməməsinin günahını uşaqlarda deyil, valideynlərdə görürlər. Onların fikrincə, əgər ailə uşağa ilk olaraq dinləmə vərdişini öyrətməyibsə, kiçik yaşlarında nağıl dinləmə və danışma vərdişi formalaşdırmayıbsa, yaşına uyğun kitablar əldə etməyibsə, bir uşaqdan necə kitaba maraq tələb edə bilər? Uşaqlarda dərsə və kitaba marağın olmaması ilə bağlı valideynlər psixoloqlara tez-tez müraciət etməli olurlar. Bu problem xüsusən məktəb yaşında olan uşaqlarda müşahidə edilir. Daha sonra isə müəyyən edilir ki, ana öz uşağına heç vaxt nağıl danışmayıb.

Yeganə BAYRAMOVA

phrase_var_article.chosen
124
yeniazerbaycan.com

1phrase_var_article.sources