AZ

Trampın hakimiyyət sevdası, Le Penin həbsi... – Qərb siyasi sistemi necə İFLASA UĞRADI?

Hazırda Qərb “dəyərləri”nin iflasa uğradığı müşahidə olunur. Artıq “demokratiyanın beşiyi” sayılan ölkələr belə dünənə qədər tənqid etdikləri addımları atmağa başlayıblar.

Trampın hakimiyyət sevdası

Belə ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə qalmaq üçün konstitusiyanı dəyişmək niyyətinə düşüb.

Tramp qanun imkan verməsə də, üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etmir. Bu barədə o, "NBC News"a müsahibəsində deyib:

"Bir çox insan bunu etməyimi istəyir. Amma mən onlara deyirəm ki, hələ çox uzun yolumuz var, bilirsiniz ki, bu, administrasiyanın başlanğıcıdır", - deyə Tramp bildirib.

Qadağaya baxmayaraq, Donald Tramp bundan yan keçə biləcəyinə əmindir. O, konstitusiya qadağasından yan keçməyin “yollarının” olduğunu deyib.

Daily Mail”in yazdığına görə, ABŞ prezidenti Donald Tramp ölkə konstitusiyasına edilən 22-ci düzəlişdəki boşluq sayəsində 2037-ci ilə qədər hakimiyyətdə qala bilər.

"Tramp vitse-prezidentliyə namizəd ola bilər. Gələcəkdə ölkə rəhbərliyi üçün əsas fiqur sayılan Vens isə andiçmədən sonra vəzifəsini tərk edərək vitse-prezident kimi fəaliyyət göstərən Trampa prezident səlahiyyətlərini verə bilər. Eyni prosedur bir neçə seçki üçün də tətbiq oluna bilər",- nəşr yazıb.

Le Penin həbsi

Digər tərəfdən, Fransa prezidenti Makron isə əsas rəqibi olan Marin Le Peni həbs etdirir.  Belə ki, Fransanın müxalifət lideri Marin Le Pen və “Milli Birlik” partiyasından olan səkkiz deputat barəsində həbs qərarı verilib.

“Reuters”in məlumatına görə, Paris məhkəməsinin qərarına əsasən, Marin Le Pen “Aİ vəsaitlərini mənimsəmə” və “Korrupsiya” ittihamı ilə iki il elektron qolbaq taxmaqla, dörd il həbs və 100 min avro cərimə cəzasına məhkum edilib. Bununla yanaşı, o, növbəti prezident seçkilərində namizədliyini irəli sürməkdən də məhrum edilib.

Görəsən, belə vəziyyətdə yeni dünya düzəni nə vəd edir?

Mövzu ilə olaraq Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Qərb universal dəyərlərə selektiv yanaşaraq onları dəyərsizləşdirib:

“Qərb dəyərləri ümumbəşəri dəyərlər və bəşər sivilizasiyasının əldə etdiyi ortaq dəyərlər idi.

Amma sadəcə Qərb dəyərləri kimi təqdim olunurdu. Qərb indiki halda təkcə özünün dəyərlərini deyil, həm də qlobal dəyərləri dəyərsizləşdirdi. Hər hansı bir siyasi sistem və cəmiyyətdə dəyərlər deqradasiya olunursa, nəticə etibarı ilə dəyərlərin hüquqi tərəfini təşkil edən sistemin özündə də deqradasiya baş verəcək”.

Deputat qeyd edir ki, bu gün Avroatlantikada baş verən hadisələr dözümsüzlük, fərqli fikirlərə qarşı diktatura tətbiqi, hüquqların əzilməsi, rəqiblərin qeyri-qanuni yollarla, qurşaqdan aşağı zərbələrlə sıradan çıxarılmasından ibarətdir:

“Bunun bariz nümunəsi Fransada Makronun rəqibini qondarma maliyyə iddiaları ilə sıradan çıxarması, növbəti prezident seçkilərində onun iştirakçılığını məhdudlaşdırmaqdır. Burada artıq heç bir siyasi dəyərdən danışmağa dəyməz. Halbuki Fransız sosioloqu Jan Jak Russo deyirdi ki, ümumiyyətlə xalqların mədəniyyəti deyilən bir hadisə yoxdur. Mədəniyyət elə siyasi mədəniyyətdir.

Başqa bir ölkənin prezidenti heç bir hüquq tanımadan, beynəlxalq və daxili qanunlara məhəl qoymadan müxtəlif addımlar atır, qərarlar qəbul edir. Belə olan halda hüquq, milli konstitusiya da gözdən düşür. Nəticə etibarı ilə xaos yaranır. Ona görə də hazırda mövcud dünya nizamının nizamsızlıq mərhələsindəyik. Yeni dünya nizamı yaranana qədər belə prosesləri müşahidə etməkdə davam edəcəyik”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr