Aprelin 1-də Poltavadakı rus çarı I Pyotrun abidəsinin sökülməsinin birinci mərhələsinə start verilib. Poltava Şəhər Şurasının katibi Katerina Yamşçikova bildirib ki, bu prosesi həyata keçirmək üçün memarlar, bərpaçılar və bütün lazımi mütəxəssislər ayrılıb.
Hafta.az-ın yazdığına görə, abidənin üzərindəki örtünün sökülməsi və xüsusi ekspertizanın dünən həyata keçirildiyini deyən katib, “Söküntü sabah tam gücü ilə davam etdiriləcək” deyib. Yamşçikova bildirib ki, işlər mərhələli şəkildə davam edəcək və tamamlanma sürəti prosesdən asılı olacaq, ona görə də sökülmənin yekunlaşması üçün dəqiq tarix yoxdur.
Ekspertlər abidənin sökülməsi imkanlarını araşdırırlar. Eyni zamanda xəbərdə sökülmə qərarının Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin müstəmləkəsizləşdirmə siyasətinə uyğun olaraq qəbul edildiyi qeyd olunub. Bundan əvvəl, fevralın 20-də Poltava Şəhər Şurasının İcraiyyə Komitəsi imperiya abidələrinin, o cümlədən bu abidənin köçürülməsi barədə qərar qəbul etmişdi.
Poltava döyüşündən sonra I Pyotrun qaldığı yerdə ucaldılan abidə saxlanmaq üçün “Poltava döyüş meydanları” muzeyinə veriləcək.
Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyi Poltavadakı 15 mədəni irs obyektini Daşınmaz Abidələrinin Dövlət Reyestrindən çıxarmaq barədə qərar qəbul edib. Siyahıya Poltava döyüşü hadisələri və şəhərdə yerləşən Rusiya imperiyasının tarixi ilə bağlı abidələr də daxildir. Bunlara İsveç qəbiristanlığında I Pyotrun abidəsi, çarın komandanlıq mərkəzi və Poltava döyüş meydanındakı 10 redut, Poltava döyüşündən sonra I Pyotrun istirahət etdiyi yerdəki abidə, Poltava qalasının müdafiəçiləri və onun komandiri Aleksey Kelinə ucaldılmış abidə daxildir.