AZ

Zəfərə gedən yolun başlanğıcı...

Aprel döyüşlərindən 9 il ötür

Süverenliyini təmin, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan yeni dövrün qalib dövlətidir. Kataklizmlərin baş alıb getdiyi bir zamanda bu kimi qətiyyətli qələbə qazanmaq olduqca çətindir - Prezident İlham Əliyevin martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində bildirdiyi kimi, “əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”. Beləliklə, Azərbaycan illərlə məruz qaldığı işğal siyasətinə, təcavüzə, zorakılığa son verdi - xalqımız “Dəmir yumruq” ətrafında sıx birləşərək düşməni öz yerinə oturtdu, beynəlxalq hüququ, ədaləti bərpa etdi. Müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə 23 saatlıq lokal xarakterli antiterror tədbirləri son yüzilliklərin ən böyük zəfərləri kimi yadda qaldı. Artıq Azərbaycanın suveren ərazilərində -  Xankəndidə, Şuşada, Xocalıda və onlarla başqa şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanır, həmin ərazilərin əsl sakinləri, əsl sahibləri öz doğma yurdlarına geri qayıdırlar.

Yeganə həll yolu: Ərazi bütövlüyümüzün, suverenliyimizin təmini...

Amma bu qələbə, bu zəfər göründüyü qədər asan bir yol olmadı - bu qələbəyə gedən yol keşməkeşli, ağır, hətta itkilər bahasına başa gəldi. Müharibədə qazanılan qələbənin zəmini isə daha əvvəl - 2016-cı ilin aprelində hazırlandı. Bu gün şanlı Aprel döyüşlərindən 9 il ötür...

30 ilə yaxın davam etmiş erməni təcavüzü nəticəsində 20 faizə yaxın torpağımız işğal altında, bir milyona yaxın insanımız isə qaçqın və məcburi köçkün durumunda idi. Özünün güclü dövlətçilik təməllərini yaratmış Azərbaycan ötən onilliklər boyu məsələnin sülh yolu ilə həlli üçün səy göstərirdi - dəyişməyən yeganə amal isə bu gün tarixə qovuşmuş “Qarabağ münaqişəsi”nin qeyd-şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsindəki həlli idi. Ermənistanın qeyri-konstruktiv mövqeyi prosesin ağrısız, döyüşsüz, qansız-qadasız yekunlaşmasına mane olurdu - İrəvan hakimiyyətinin ambisiyası onları reallıqlara qarşı kor etmişdi. Ermənistan Azərbaycanın iqtisadi gücünü, regionun lider statusunu qəbul edə bilmirdi. Bu mənada da, Bakının səsləndirdiyi sülh mesajları İrəvan tərəfindən ciddi qəbul edilmirdi, hətta müəyyən bir zamanlarda bu dövlətin siyasi rəhbərliyi yeni işğal haqqında düşündüklərini də dolayısı ilə bildirirdilər. İşğal zonasında, təmas xəttində isə silahlı təxribatların ardı-arası kəsilmirdi. Mövqelərimiz davamlı olaraq atəşə tutulur, dinc insanlar öldürülür, kəndlərimiz silahlı təcavüzə məruz qalırdı. Belə olan halda isə Azərbaycan düşmənin silahlı təxribatlarının qarşısını almaq üçün aktiv fəaliyyətə başladı.

4 günlük müharibənin uğurlu nəticələri...

Azərbaycan Ordusu ilk dəfə 2016-cı il 1-4 aprel tarixində düşmənə qarşı geniş əməliyyat keçirdi. Aprel müharibəsi nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan və Tərtər rayonunun Madagiz (Suqovuşan) kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin ələ keçirilməsi ilə Ordumuz geniş coğrafiyada düşmənin atəş məntəqələrinə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Verilən məlumatlara görə, dörd günlük müharibədə 320-dən artıq düşmən hərbçisi məhv edildi.

Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Eyni zamanda, hələ o zaman işğal altındakı Suqovuşan yaşayış məntəqəsində yerləşən erməni qərargahı və bir neçə hərbi hissə məhv edildi. Azərbaycan Ordusu Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

2016-cı ildən başlanan qələbə yolu 2023-cü ildə başa çatdı...

Bəli, bu günün rakursundan baxdıqda 2016-cı il aprel döyüşləri 2020-ci il Zəfərinə, 2023-cü il qələbəsinə aparan yol idi. Bu döyüşlər həm mənəvi, həm də strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyətə malik idi. Ermənistanın özü ilə bağlı yaratdığı mif darmadağın edildi - onların sabun köpüyünə bənzəyən “məğlubedilməz ordu” stereotipi sıradan çıxarıldı. Aprel döyüşləri əsl reallığı ortaya qoydu. Artıq Ermənistanın siyasi-hərbi rəhbərliyinin yalanlarının işə yaramadığı ortaya çıxdı. Aprel döyüşləri bir daha sübut etdi ki, genişmiqyaslı müharibə başlayacağı təqdirdə Ermənistan ordusu Azərbaycanın Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcək.

Aprel döyüşləri həqiqətən də Böyük Qələbənin təməli oldu - bu fakt həm düşmənə, həm də dosta bir reallığı izah etdi: Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edəcək, düşmənə bir qarış torpağı belə güzəştə getməyəcək. Azərbaycanın igid oğulları öz qanı, canı bahasına Vətənin bütövlüyünü qoruyacaq. Həmin günlərdə Azərbaycan xalqı bir nəfər kimi yalnız müharibəyə kökləndi - hər bir gənc əlinə silah alıb Vətən üçün savaşmağa hazır idi. Bütün dünya xalqımızın öz torpağına, yurduna bağlılığı qarşısında heyran qalmışdı. Əsgər və zabitlərimizin şücaəti isə ən yüksək qiymətə layiq idi. Prezident İlham Əliyevin 2016-cı il aprelin 19-da imzaladığı müvafiq sərəncamlarla Silahlı Qüvvələrimizin üç üzvü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7 üzvü “Azərbaycan Bayrağı” ordeninə, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 19 üzvü “Vətən uğrunda” medalına, 43 üzvü “İgidliyə görə” medalına, 45 üzvü “Hərbi xidmətlərə görə” medalına, layiq görülüb, 2 üzvü “general-mayor” ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Beləliklə, bu gün 9-cu ildönümünü qeyd etdiyimiz Aprel döyüşləri Azərbaycanı qələbəyə aparan yolun başlanğıcını qoydu. Vətən müharibəsi ilə nəticələnən bu yolda isə Cünnüt, Tovuz döyüşləri də baş verdi. Amma qələbə yürüşü artıq başlamışdı və 2016-cı ilin aprelindən başlanan yol 2023-cü ilin sentyabrında mütləq qələbə ilə sona çatdı...

P.İSMAYILOV

Seçilən
130
yeniazerbaycan.com

1Mənbələr