Bakı, 2 aprel, AZƏRTAC
ABŞ-ın planlaşdırdığı yeni rüsumlar qlobal ticarətə böyük təsir göstərə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə günü Yaponiya Bankının rəhbəri Kadzuo Ueda Prezident Donald Trampın cavab tariflərini elan etməsindən əvvəl qlobal artıma mümkün zərbə ilə bağlı xəbərdarlıq edib.
“Reuters” xəbər verir ki, gözlənilən addım ABŞ-ın alüminium və polad idxalına tətbiq etdiyi tariflərə, eləcə də Çindən gələn bütün mallara daha yüksək rüsumlara əlavə olacaq.
“ABŞ-ın tarif siyasətinin qlobal iqtisadiyyata təsiri son dərəcə qeyri-müəyyəndir. Lakin ABŞ tariflərinin diapazonundan və miqyasından asılı olaraq, onlar hər bir ölkənin ticarət fəaliyyətinə böyük təsir göstərə bilər”, - deyə Ueda Yaponiya parlamentindəki çıxışında bildirib.
Bankın rəhbəri daha yüksək tariflərin qısa müddətdə ABŞ-da daha böyük inflyasiyaya səbəb ola biləcəyinə işarə edərək bildirib ki, onlar uzunmüddətli perspektivdə qiymətlərə təzyiq göstərə və ölkədə iqtisadi artımı azalda bilər.
Ağ ev Trampın elan edəcəyi qlobal cavab tariflərinin, o cümlədən aprelin 3-də qüvvəyə minəcək avtomobil idxalına 25 faizlik tariflərin dərhal qüvvəyə minəcəyini bildirib. Qlobal sorğular Yaponiyadan Böyük Britaniyaya və ABŞ-a qədər dünyanın müxtəlif yerlərindəki fabriklərdə aktivliyin mart ayında yavaşladığını göstərir.
ABŞ-ın ticarət məhdudiyyətlərinin təsiri bu ayın sonunda BVF və G20-nin yaz görüşlərinə toplaşan maliyyə liderləri tərəfindən müzakirə olunacaq əsas mövzulardan biridir.