Şimali Kipr Türk Cümhuriyyətində verdiyi konsert zamanı ürəktutmasından dünyasını dəyişən Volkan Konak bir neçə gündür həm də vəsiyyəti ilə bağlı gündəmdədir. Müğənni konsert proqramlarının birində ölümündən sonra nəşinin yandırılmasını, külünün isə Qara dənizə, Trabzon sahillərinə səpilməsini vəsiyyət etdiyini bildirmişdi. Dünən torpağa dəfn edilən sənətçinin vəsiyyətinə niyə əməl edilmədiyi məlum olub.
Tribunainfo.az xəbər verir ki, V.Konağın əvvəllər verdiyi müsahibələrin birində belə bir vəsiyyət etmədiyi, o sözlərin isə bir konsert proqramı zamanı şou xətrinə dediyi məlum olub. Bir jurnalistə verdiyi müsahibə zamanı ölümündən sonra vəsiyyəti ilə bağlı dediklərinə belə aydınlıq gətirib:
“Vəsiyyət edəcəyəmsə, bunu öz ailəmə edərəm. Kazino müştərisinə vəsiyyət etmərəm. O bir səhnə üçün şou idi. Səhnədə yaşananları insanlar ciddiyə almasınlar.
Biz səhnədə musiqiçilərlə zarafatlaşa bilərik, mən onlara qışqıra, hansısa məzəli söz deyə bilərəm. Bu tamamilə səhnə şousudur. Səhnədən kənarda mən musiqiçi dostlarımla o cür olmuram axı. İnsanlar səhnədə gördüklərinə inanmasınlar.
O vəsiyyət isə daha bir səhnə şousu idi. Mən vəsiyyətimi ailəmə etmişəm”.