ABŞ və İran arasında müharibə riski son aylarda kəskin şəkildə artıb...
Zeynal Əmrəliyev: “Donald Tramp hakimiyyətdə gələndən sonra İrana qarşı sərt ritorikanı yenidən canlandırıb”.
“ABŞ İsrailin Körfəzdə olan öz bazarlarından istifadə etməklə İrana qarşı hava əməliyyatları həyata keçirə bilər”.
Bu sözləri politoloq Zeynal Əmrəliyev ABŞ-İran münasibətlərinin son vəziyyətinə Poliqon-a şərh edərkən qeyd edib.
ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik son aylarda daha da artıb. İran ABŞ prezidenti Donald Trampın təhdidləri fonunda raket sistemlərini işlək vəziyyətə gətirib. Bildirilib ki, hazırda yeraltı hərbi bazaların yerləşdiyi bütün şəhərlərdə buraxılış qurğuları hazır vəziyyətə gətirilib. ABŞ Prezidenti Donald Tramp isə bundan öncə İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.
İran və ABŞ arasında müharibəyə ehtimal vermək olar və belə bir müharibə bütövlükdə geosiyasi düzənə necə təsir edə bilər?
Mövzunun Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.
Zeynal Əmrəliyev: “İran çox böyük strateji səhv edərək əsas sənaye obyektlərini və nüvə mərkəzlərini ölkənin cənubuna doğru istiqamətləndirib”.
Bunun bir tərəfdən İsrailin maraqlarına cavab verdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, İsrail ABŞ-İran arasında toqquşma riskinin artıq olmasını istəyir:
“Donald Tramp hakimiyyətdə gələndən sonra İrana qarşı sərt ritorikanı yenidən canlandırıb. Artıq ABŞ ilə İran arasında danışıqların nəticə verməyəcəyi gözlənilir.
Bundan əvvəl Tramp administrasiyası bildirmişdi ki, İranla danışıqlara hazırdır. İran prezidenti Məsud Pezeşkian da dialoqa hazır olduğunu bildirdi. Ancaq Ali Dini Lider Ayətullah Xameneyi və ölkədəki mühafizəkar qruplar danışıqlara isti baxmadıqlarının mesajını verdi.
Bunun müqabilində də Tramp Xameneyiyə məktəb yazdı və İran tərəfi də cavab verdi ki, ABŞ ilə qarşılıqlı təminat olmadan danışıqların aparılması mümkün deyil. Yəni iki tərəf arasında birbşa kordinasiya qurmaq hələ ki, mümkün olmayıb.
Zeynal Əmrəliyev: “ABŞ-nin İranın nüvə obyektlərini vurması bütün region üçün təhlükə yaradər. Çünki bombardmanlardan sonra nüvə radiasiya sızıntısının olması istisna olunmur”.
Bu bir tərəfdən İsrailin maraqlarına cavab verir. İsrail ABŞ-İran arasında müharibənin artıq baş verməsini istəyir. Bu fonda ABŞ və İran da bir-birlərini açıq şəkildə təhdid edirlər. Donald Tramp bildirir ki, İrana qarşı əməliyyat masadadır. Artıq ABŞ özünün uzaq mənzilli təyyarələrini Hind okeanında yerləşdirib və bu təyyarələr İranın nüvə müəssisələrini vurmağa hazırdır. İran rəsmiləri də bəyan edib ki, əgər İrana qarşı hansısa bir addım atılarsa, Tehran nüvə silahı əldə edəcək.
Düşünmürəm ki, İrana qarşı quru əməliyyat baş tutsun. Ancaq ABŞ İsrailin Bəsrə körfəzində və Hind okeanında olan bazarlarından istifadə etməklə İrana qarşı hava əməliyyatları həyata keçirə bilər. İranın mühüm sənayə obyektləri və uranın zənginləşdirilməsi ilə məşğul olan zavodları vurula bilər.
İran çox böyük strateji səhv edərək əsas sənaye obyektlərini və nüvə mərkəzlərini ölkənin cənubuna doğru yerləşdirib. Bu da onları ABŞ və İsrail üçün əlçatan edir. Buna görə də, İran bu müddətdə çalışacaq ki, Körfəz ölkələrini təhdid etsin.
Digər tərəfdən isə ABŞ-nin İranın nüvə obyektlərini vurması bütün region üçün təhlükə yaradər. Çünki bombardmanlardan sonra nüvə radiasiya sızıntısının olması istisna olunmur”.
Nərminə UMUDLU
Poliqon.info