ABŞ Prezidenti Donald Trampın İrana göndərdiyi nüvə proqramı məsələsi ilə bağlı məktubda edilən təklifə mənfi cavab gəldikdən sonra O, ilk dəfə olaraq açıq şəkildə İran üçün ultimatum xarakterli və müharibə məzmunu daşıyan cavab göndərdi.
Nüvə proqramı təklifi əslində bir neçə məqsəd daşıyır
1)İranın nüvə silahına sahib ölkə olmasına mane olaraq regionda hegemon olmasına şərait yaratmamaq
2)Rəsmi Tehranı İsraillə mümkün müharibə zamanı bu dağıdıcı silahdan istifadəsi ehtimalını aradan qaldırmaq
3)Böyük ehtimalla, İsrailin İran ilə müharibə ehtimalında ABŞ da rəsmi Tel Əvivə dəstək üçün silah sursat cəhətdən və lazım gəlsə ordu yardımı ilə bölgəyə hərbi müdaxilə edəcək və bu zaman Tehranın nüvə silahından istifadəsi ehtimalı ola bilər. Bu ehtimalı kəsmək üçün nüvə proqramına son verdirməklə hərbi əməliyyatları asanlaşdırmaq olar.
İran və İsrail arasında münasibətlərin gərginləşməsi Livanda Hizbullahın məğlub edilməsi, Qəzzada Həmasın demək olar ki, yox edilməsi, siyasi kürsülərdə ultimatum xarakterli ritorik çıxışlar və digər səbəblər ciddi təsir edir.
ABŞ İsraili dəstəkləməklə İranı Yaxın Şərqdən sıxışdırıb çıxarmaq, bölgənin neft qaz təbii sərvətlərinə, Şərqi Aralıq Dənizi regionunda yerləşən tranzit xətlərinə yiyələnmək istəyir.
Bir başqa tərəfdən baxsaq, İran Rusiyanın Cənubi Asiya regionunda yerləşən iqtisadi və siyasi-hərbi tərəfdaşlarından biridir.
İranın zəiflədilməsi Rusiyanın regionda zəifləməsi deməkdir. Beləcə, Rusiyanın hərbi siyasi mövcudluğu Ukraynada vaxtilə həyata keçirilən taktika ilə Şərqi Avropa regionunda sarsıldığı kimi, İranın da münaqişəyə cəlbi ilə məlum regionda sarsılacaq.
Ukraynada müharibənin 3 ildir davam etməsinə baxmayaraq, Rusiya hələ də tam şəkildə çökdürülə bilməyib deyə indi atılan siyasi kartlardan biri də İran İsrail münaqişəsidir.
Çünki, eyni anda iki müttəfiqindən və strateji nüfuz mövcudluğundan məhrum olmaq Moskvanın Avrasiya üzərində hegemonluğunu başa çatdıra biləcək.
İsrail artıq müharibə ehtimalına hazırlaşmış və ətrafında mövcud olan anti İsrail qüvvələrini aradan qaldırmış eyni zamanda, İranın müttəfiqlərinin bu müharibə zamanı ona hərbi müdaxilə etmə, mane törətməsinin qarşısını almışdır.
ABŞ üçün həm də bu müharibə zamanı Yaxın Şərqdə hərbi bazalar yaratma bəhanəsi yaranacaq və şərq ölkələrinin ortasında “nəzarət məntəqəsi “ yarada biləcək.
Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya bazalarının çoxunun ləğvindən sonra, ABŞ üçün bunu etməyə fürsət yaranmışdır.
İstisna deyil ki, İsrail İran münaqişəsi baş verərsə, Rusiya həm ABŞ hegemonluğunun qarşısını almaq həm də İranı müdafiə etmək üçün Tehrana hərbi dəstək verəcək.
Çünki, İranın məğlubiyyəti və zəifləməsi Moskvanın blokadaya düşməsi və Dünyada ikinci dərəcəli ölkəyə çevrilməsinə səbəb ola bilər.
İsa İsmayılov, siyasi şərhçi