"Kubokun yarımfinal mərhələsinə proqnoz vermək çətindir. Favoritlərin hansı komandalar olduğunu deyə bilmərəm. Hər iki cütdə şansları bərabər sayıram".
Bu sözləri veteran futbolçu, "Kəpəz" və "Səbail" klublarının sabiq baş məşqçisi Mahmud Qurbbanov Offsideplus.az saytına açıqlamasında deyib.
Təcrübəli müətəxəssis Azərbaycan Kuboku uğrunda yarışan klubların imkanlarını ayrı-ayrılıqda dəyərləndirib. O, öncə "Neftçi" - "Sabah" cütü barədə danışıb: "Hər iki komanda Premyer Liqada uğursuz çıxış edir. Çempionat vasitəsilə avrokuobklara getmək şansları yoxdur. Ona görə də həm "Neftçi", həm də "Sabah" kubokun finalına adlayıb, baş mükafatı götürməklə, Avropa Liqasına vəsiqə qazanmaq niyyətindədir. Ancaq növbəti mərhələyə vəsiqə yalnız bir komandya nəsib olacaq. Hansı komandanın finala çıxacağını söyləməyə çətinlik çəkirəm".
M.Qurbanov "Qarabağ" və "Araz-Naxçıvan" arasındakı mübarizədən də yaxşı oyun gözlədiyini bildirib: "Qarabağ" Premyer Liqada liderlik etsə də, kubokun yarımfinalında "Araz-Naxçıvan"la görüşdə şanslar bərabərdir. Yəqin ki, Ağdam klubu yaxın turlarda çempionluğu rəsmiləşdirəcək. Bununla belə, "Araz-Naxçıvan"ı da hesabdan silmək olmaz. Bu komanda Premyer Liqada miminum 3-cü yeri tutaraq, avrokuboklara gedə bilər. Eyni zamanda "Araz-Naxçıvan" kuboku da əldən verməyəcək. Fikrimcə, bu cütdə də favorit yoxdur. Bizi gərgin, maraqlı oyun gözləyir".
Qeyd edək ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində "Araz-Naxçıvan" - "Qarabağ" matçı bu gün saat 17-də start götürəcək. "Neftçi" və "Sabah" isə saat 19:30-da münasibətlərinə aydınlıq gətirəcəklər.