“Son zamanlarda dələduzların qurbanına çevrilən insanların sayı artmaqdadır. Bu, həmin şəxslərin inamı ilə birbaşa bağlıdır”.
Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, maariflənmə çox olsa da, dələduzlara inanan insanlar hər zaman olur:
“Dələduzluq halları ilə bağlı maariflənmə işləri yüksək səviyyədə aparılsa da, insanların əksəriyyəti unutqandır. Onlar müəyyən vaxt keçəndən sonra unudurlar. Yəni keçmiş acı təcrübələrdən nəticə çıxarmırlar. Dələduzların qurbanı olmağın əsas səbəbləri sırasında acgözlük və pula hərislik dayanır. Ümumiyyətlə, nələrəsə nail olmaq üçün müəyyən prosedurlardan keçmək lazımdır. Lakin bəzi şəxslər tez zamanda nəticə almaq və əziyyət çəkmədən maddi gəlir əldə etmək istəyirlər. Buna görə də aldanırlar. Çünki nələrəsə tez nail olmaq istəyən insanları dələduzlar manipulyasiya edə bilirlər”.
Psixoloq həmin şəxslərin nə üçün dələduzlara bu qədər tez aldanmalarının səbəblərindən danışıb:
“Əziyyət çəkmədən pul qazanmaq istəyən insanları aldatmaq daha asan olur. Üstəlik, dələduzlar o qədər inandırıcı danışırlar ki, qarşı tərəfi aldada bilirlər. Hətta tez varlanan insanlarla bağlı nümunələr göstərirlər. Həmin an eyforiyaya qapılan şəxslər isə artıq onların qurbanına çevrilir.
Onların sanki gözləri yumulur. Çünki dələduzların başqalarını aldatdıqlarını görmələrinə rəğmən, yenə də aldanırlar. Bu tələyə düşən insanlar əsasən inellektual səviyyəsi aşağı olan, hər kəsə tez inanan və güvənən şəxslər olur”.
Ekspert qeyd edib ki, hər zaman səhv edən və bunlardan nəticə çıxarmayan insanlar tez aldanırlar:
Bundan başqa, risk sevən insanlar da dələduzlar tərəfindən aldadılırlar. Çünki risk etməkdən qorxmadıqlar üçün düşünülməmiş addımlar atırlar. Nəticədə isə peşman olurlar”.