Yaponiya hökuməti ABŞ-ın idxal rüsumlarının tətbiqini “son dərəcə təəssüfləndirici” hesab edir və onlara yenidən baxılmasında israrlı olacaq.
Operativ Media xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Yoşimasa Hayaşi deyib və qeyd edib ki, Vaşinqtonun ticarət sahəsindəki tədbirləri iki ölkə arasında iqtisadi əlaqələrə və bütün beynəlxalq ticarət sisteminə təsir göstərəcək.
"Yaponiya müxtəlif səviyyələrdə ABŞ-yə öz narahatlığını bildirib və həmçinin bildirib ki, birtərəfli tarif tədbirləri tətbiq etməyə ehtiyac yoxdur. Buna baxmayaraq, ABŞ hökumətinin birtərəfli qaydada cavab rüsumları tətbiq etdiyini elan etməsi son dərəcə təəssüf doğurur. Bu tədbirlərin Ümumdünya Ticarət Təşkilatına və Yaponiya-ABŞ ticarət razılaşmasına uyğunluğu ilə bağlı ciddi narahatlığımız var".
"Baş nazir Şigeru İşiba tarif tədbirlərinin məzmununu və onların Yaponiyaya təsirini hərtərəfli nəzərdən keçirməyi və Tokionu yeni rüsumlardan azad etmək üçün Vaşinqtona təzyiqləri davam etdirməyi tapşırıb", deyə Hayaşi qeyd edib.
Aprelin 2-də Tramp ölkəsinin idxal olunan mallara minimum 10% rüsum təyin edəcəyini açıqlamışdı. Ayrı-ayrı dövlətlər üçün o, fərdi rüsumlar təyin edib. Yaponiya üçün 24% rüsum tətbiq edilir.