Sea Breeze

Vikipediya süni zəka (AI) botlarının məqalələrini kütləvi şəkildə toplaması ilə bağlı həyəcan təbili çalır. Vikipediyanı idarə edən qeyri-kommersiya təşkilatı Wikimedia Fondu bildirir ki, bu avtomatlaşdırılmış sorğular saytın infrastrukturuna ciddi zərbə vurur və məlumat mərkəzi xərclərini əhəmiyyətli dərəcədə artırır.

Ənənəvi olaraq Vikipediyada yüksək maraq doğuran hadisələr zamanı qısa müddətli ziyarətçi axınları müşahidə olunsa da, bu dəfəki yüklənmə AI modellərini öyrətmək üçün məqalə və media fayllarını dayanmadan yükləyən botlardan qaynaqlanır. 2024-cü ilin yanvar ayından bu yana multimediaların yüklənməsi üçün istifadə olunan bant genişliyi 50% artıb ki, bu da əsasən insan istifadəçilərdən deyil, AI botlarından gələn trafikin nəticəsidir.

Fonddan verilən açıqlamada qeyd olunur ki, baxışların təxminən 35%-i botlardan gəlsə də, ümumi trafikdə onların payı 65%-ə çatır. Bu botlar yalnız populyar səhifələri deyil, az oxunan məqalələri və hətta kod baxışı və səhv izləmə platformaları kimi daxili sistemləri də hədəf alır.

Problemlə mübarizə çərçivəsində bəzi AI botlarına qarşı fərdi hallarda sürət məhdudiyyəti tətbiq olunur və bəziləri tamamilə bloklanır. Lakin Wikimedia Fondu bildirir ki, bu məsələni davamlı şəkildə həll etmək üçün daha geniş miqyaslı bir plan hazırlanır. “İnfrastrukturun Məsuliyyətli İstifadəsi” adlı bu plan çərçivəsində, süni intellekt botlarını aşkar etmək, onların girişini tənzimləmək və yüksək həcmli məlumat axını üçün identifikasiya tələbləri tətbiq etmək nəzərdə tutulur.

“Kontentimiz pulsuzdur, amma infrastrukturumuz deyil – balansı bərpa etməyin vaxtıdır,” – deyə Fond xəbərdarlıq edir.

Oxşar vəziyyət 2023-cü ildə Reddit-in başına gəlmişdi. Microsoft Reddit məzmununu xəbər vermədən süni intellekt funksiyaları üçün istifadə etmiş, nəticədə Reddit bu girişi bloklamış və API üçün ödənişli model tətbiq etmişdi. Bu isə inkişaf etdiricilər arasında narazılıq, bir çox subredditin bağlanması və məşhur Reddit tətbiqlərinin fəaliyyətini dayandırması ilə nəticələnmişdi.

ETX
ETX
ETX