Olaylar.az xəbər verir ki, bu fikirləri Globalinfo.az-a politoloq Oqtay Qasımov Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötməsi ilə bağlı açıqlamasında deyib.
O bildirib ki, Aprel döyüşləri Ermənistanın təxribatlarına cavab olaraq başladı:
"Bu, Azərbaycan Ordusunun potensialını göstərmək və döyüş qabiliyyətinin səviyyəsini ortaya qoymaq üçün vacib idi. Gözləntilər özünü doğrultdu. Ordumuz çox şişirdilən "Ohanyan səddi"ni qısa müddətdə yarıb keçməyə nail oldu. İki min hektardan artıq ərazi, o cümlədən strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Bu, Azərbaycan Ordusunun gələcək əməliyyatları üçün yeni imkanlar yaratdı. Rəsmi Bakı ilk dəfə PUA-lardan istifadə edərək müharibə apardı. Müasir standartlarla aparılan savaş həm də yenilik hesab olunurdu. O dövrdə Güney Qafqazda kifayət qədər ciddi təsir imkanlarına sahib olan Rusiyanın vasitəçiliyi ilə döyüşlər 4 gün sonra dayandı.
Oqtay Qasımov
Bu əməliyyatın davam etdirilməməsinin əsas səbəbi, Azərbaycan tərəfinin ermənilərin zəif tərəfini müəyyənləşdirməsi və gələcək əməliyyatlar üçün təcrübə qazanması idi. Dörd günlük əməliyyatlarla Ermənistan və tərəfdaşlarına mesaj verildi. Rəsmi İrəvanı danışıqlar masasına gətirərək, Azərbaycan ərazilərini boşaltmaq üçün şans tanıdı. Lakin İrəvan bu şansı növbəti dəfə uzatmaq üçün addımlar atdı və bunun nəticələri də məlumdur".