İsrailin baş naziri Benyamin Netanyahu Qəzzanı bölmək və işğalı dərinləşdirmək üçün hücumları davam etdirəcəkləri mesajını verib.
Publika.az xəbər verir ki, Netanyahu “X” hesabında paylaşdığı video müraciətində Rəfah və Xan Yunis şəhərlərini ayıran yeni dəhliz qurduqlarını açıqlayıb.
Baş nazir "Moraq dəhlizi" adlandırdığı bu xəttin "ikinci Filadelfiya dəhlizi" kimi olduğunu bildirib. Qeyd edib ki, Qəzzanın əlində tutduğu əsirləri geri almaq üçün təzyiqlər artırılıb: "Bu gecə Qəzzada əməliyyatlarımızı gücləndirdik. İsrail ordusu bölgəni addım-addım ələ keçirir, silahlıları zərərsizləşdirir və infrastrukturu məhv edir. Əsirlərimizi geri qaytarmasalar, onlara qarşı təzyiqləri daha da artıracağıq".
İsrailin müdafiə naziri Yisrael Katz da Qəzza zolağına hücumlarını genişləndirdiklərini və daha çox ərazini İsrailin “təhlükəsizlik zonası”na daxil etməyi hədəflədiklərini açıqlayıb. Bu hücumlar çərçivəsində Rəfah sakinlərinə təxliyə əmrləri göndərilib.
Qeyd edək ki, yanvarın 19-da qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında Qəzzaya intensiv hücumlarını bərpa edib.