Bakı, 3 aprel, AZƏRTAC
Şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, milli adət-ənənələrin geniş təbliği məqsədi ilə “Vətənin tərənnümü” adlı uşaq rəsm müsabiqəsi elan olunub.
Müsabiqə AZƏRTAC-ın “Uşaq Bilik Portalı” və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.
8-12 yaşarası yaradıcılıq qabiliyyəti olan uşaqlar mayın 22-dək əsərin fotosunu (yüksək keyfiyyətdə), soyad, ad və ata adı, şəhər və rayon, məktəb və sinif, həmçinin telefon nömrəsini qeyd edərək işlərini [email protected] ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Seçim zamanı münsiflər tərəfindən kreativ düşüncəli, fərqli, müdaxilə olunmamış yaradıcılıq nümunələrinə üstünlük veriləcək. Hər bir iştirakçı üçün əsərlərin sayı 3-dən çox olmamalıdır. Rəsmlər A3 formatında, akvarel boya ilə çəkilməlidir.
Müsabiqənin qalibləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində elan olunacaq. Qaliblər diplomla təltif olunacaqlar.
Qalib olmuş rəsmlər “Uşaq Bilik Portalı”nda və “Tonq Yulduzi” qəzetində dərc olunacaq.