Ramazan ayı artıq bitdi və toy mövsümü başladı. Hazırda restoranlarda toy növbələri o qədər çoxdur ki, bəzi vətəndaşlar “xeyir iş” üçün şadlıq sarayı tapmaqda çətinlik çəkirlər. Üstəlik, toy xərcləri orta statistik azərbaycanlının ailə büdcəsində əhəmiyyətli paya malikdir. Ancaq Bakıda toy menyularının bahalaşdığına dair xəbərlər yayılır. Bu da təbii ki, ailələrin xərclərinə ciddi təsir göstərir. Bəs görəsən, toy menyularının bahalaşmasının səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, toy qiymətlərinin yüksəlməsi, ərzağın bahalaşması ilə paralel gedir:
“Rəsmi rəqəmlərə görə, ərzaq qiymətlərində ümumilikdə 5 və ya 6 faiz artım var. Yəni ərzaq qiymətləri bahalaşıb. Bu, təbii olaraq toy qiymətlərinə də təsir göstərir. Ölkədə dini günlərdən, yəni Ramazan və Məhərrəmlik ayından sonra toyların sayı daha da artır. Əlbəttə ki, toyların sayının artması qiymətlərə də təsirsiz ötüşmür.“
Aynurə İsmayıl
KONKRET.az