Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri və vitse-prezidenti, Azərbaycanın görkəmli filosofu və ilk akademiklərindən olan Heydər Hüseynov 1908-ci ilin 3 aprelində qədim Azərbaycan şəhəri olan İrəvanda anadan olmuşdu.
Cəmi 42 il ömür sürmüşdü, uşaqlıq illəri də gəncliyi kimi çox çətin, mürəkkəb dövrlərdən keçmişdi. Atası Nəcəf kişinin Gülsüm xanımla olan izdivacından altı uşağı dünyaya gəlmişdi: qızları Ruqiyyə, oğlanları Yusif, Əkbər, Yaqub və son beşikləri Heydər. Heydər Hüseynov hələ həyatın bərkinə-boşuna düşmədən ata qayğısından məhrum olmuşdu.
Bir müddət sonra isə bu ailə daha ağır zərbə almışdı. Belə ki, 1918-ci ilin mart-may aylarında ermənilərin İrəvan quberniyasında və Zəngəzurda törətdikləri soyqırımlar zamanı Heydər Hüseynovun böyük qardaşı Yusif daşnaklar tərəfindən vəhşicəsinə öldürülür. Bu hadisədən sonra anası Gülsüm xanım övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Onlar 1920-ci ildə Bakıya köçürlər və İçəri şəhərdə kirayədə qalırlar. Bu vaxt Heydərin artıq 12 yaşı var idi.
Heydər Hüseynov orta təhsilini Bakı şəhərindəki 18 nömrəli məktəbədə alır. Həmin məktəbdə Heydərlə yanaşı Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov da oxuyurdular. Heydər Hüseynov 1927-ci ildə 18 nömrəli məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Taxnikumunda təhsilini davam etdirir. Bu illərdə komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədi ilə o, kitabxanada işə düzəlir, eyni zamanda 16 yaşından fəhləlik edir. Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Gülsüm xanım 60 yaşında vəfat edir. Ailəsinin bütün ağırlığını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin şəraitdə işləməli olur. 1931-ci ilə kimi 59 nömrəli məktəbdə dərs deyir. 1927-1931-ci illərdə gənc Heydər Hüseynov həm də Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnir. 42 illik ömrünün 20 ildən çoxunu bundan sonra, daha dəqiq desək, ötən əsrin 40-cı illərindən sonra elmə, tədqiqata həsr edir. Azərbaycan SSR ən gənc akademiki kimi tanınır. Tədqiqatları, qələmə aldığı məqalələri bütün ittifaq məkanında oxunur və neçə – neçə tarixi həqiqətə işıq tutur. 1937-ci ildən etibarən kütləvi xarakter alan Stalin repressiyaları Heydər Hüseynovun həyatından da yan keçmir. Lakin o, bir zamanlar sinif yoldaşı olduğu Mikayıl Müşfiq kimi güllələnmir. Həyatda qalır, ancaq sən demə, gələcəkdə Heydər Hüseynovu daha böyük, daha ağır bir faciə gözləyirmiş…
Xalq yazıçısı Elçin Əfəndiyev “Ədəbiyyat” qəzetində işıq üzü görən “Mir Cəfər Bağırov kim idi? – şəxsiyyəti, əməli və taleyi” adlı məqaləsində yazır: “Belə bir söhbət gəzirdi ki, “Pravda” qəzetində Stalin mükafatı almış əsərlərin siyahısı çıxır və Mir Cəfər Bağırov gözlənilmədən ilk dəfə bu məsələdən xəbər tutur. Elə həmin gün Heydər Hüseynovu çağırtdırır və Stalin mükafatı almış kitabı kabinetində zərblə onun başına çırpır. Mən bir müddət rəhmətlik şair və tərcüməçi İmran Seyidovla qonşu olmuşam, bir blokda yaşamışıq və o, Elmlər Akademiyasında Heydər Hüseynovun köməkçisi işləmişdi. Bir gün ondan bu söhbətin həqiqət olub-olmadığını soruşanda, İmran müəllim həmin dövrü yenidən yaşayırmış kimi, acı bir həyəcanla təsdiq etdi ki, bəli, həqiqətdir: “- Kitab da qalın və ağır idi…”
Akademik Heydər Hüseynov 1950 – ci ildə ona qarşı yürüdülən amansız siyasətə, təqiblərə, təzyiqlərə son vermək üçün, habelə Mir Cəfər Bağırovun təhdidlərinə son qoymaq üçün intihar edir. Heydər Hüseynov yaşadığı mənzildə özünü asır. O, bu hadisədən bir qədər əvvəl də intihara cəhd edibmiş. Lakin görkəmli cərrah, professor Mustafa Topçubaşov onu ölümdən xilas etmişdi.
Akademik Heydər Hüseynovun məzarı birinci Fəxri Xiyabandadır…
Məcid Rəşadoğlu