AZ

Almaniya Qafqazda fəallaşmaq istəyir - Ştaynmayerin səfərinin PƏRDƏARXASI

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana ilk rəsmi səfəri davam edir. O, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

İlham Əliyev Almaniya şirkətlərinin bərpa olunan enerji sahəsində təcrübəsini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. O, Ştaynmayerin səfərinin Azərbaycan-Almaniya əlaqələrini daha da möhkəmləndirəcəyinə əmin olduğunu vurğulayıb.

Almaniya Prezidenti isə Rusiya qazı ilə bağlı çətinliklər zamanı Azərbaycanın Avropaya verdiyi dəstəyə görə təşəkkür edib. O, Azərbaycanın sənaye və şərabçılıq sahələrində Almaniya ilə tarixi əməkdaşlığını xatırladıb və gənclərin Almaniyada təhsil almağa marağını müsbət dəyərləndirib.

Bu səfər Alman prezidentin Ermənistan səfərindən sonra baş tutub. Ştaynmayer Qarabağı Azərbaycan torpağı kimi tanıdıqlarını qeyd edib.

Qeyd edək ki, Ştaynmayer prezident kimi ölkəmizə ilk dəfə gəlsə də, Almaniyanın xarici işlər naziri vəzifəsində çalışdığı dövrlərdə dəfələrlə Azərbaycana səfər edib.

Onun budəfəki səfəri qalmaqalla yadda qalıb. Almaniya Prezidentinin sosial media profilində artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və onun altında yazılan mətn Azərbaycan tərəfinin ciddi narazılığına səbəb olub. 

Almaniya tərəfi bu postun səhvən yerləşdirildiyini etiraf edərək onu dərhal çıxarıb. "Belə bir səhvə yol verilməsinə görə çox məyusam. Paylaşımın Azərbaycanda bəzi insanlarda yaratdığı yanlış təəssürata görə səmimi-qəlbdən üzr istəyirəm", - Almaniya Prezident Administrasiyasının rəhbəri Dövlət katibi Dörte Dinger Prezidentin köməkçisi Hikmət Hacıyevə yazdığı məktubda belə deyib.

Həmçinin, Almaniya dövlət mediası "Deutsche Welle" Qarabağla bağlı erməni narrativlərini təkrarlayan sənədli film yayımlayıb. Azərbaycanın müxtəlif qurumları sənədli filmə etiraz bildirib.

Modern.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib  ki, Almaniya Prezidentinin sülh sazişi ilə bağlı səsləndirdiyi fikir haqlıdır:

“Almaniya Prezidentinin Ermənistana səfəri çərçivəsində Ştaynmayerin İnstaqram səhifəsində Qarabağ separatçılarının “bayrağı”nın yayımlanması Azərbaycanda haqlı etiraza səbəb oldu. Almaniyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağrıldı. Berlin bu hadisəyə görə dərhal Azərbaycandan üzr istədi, Almaniya Prezidentinin səhifəsində texniki səhvə yol verildiyi və həmin səhvin düzəldiyi açıqlandı. Berlinin üzr istəməsi Azərbaycan üçün kifayət idi.  Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti ilə görüşdən sonra mətbuata açıqlama verdilər.

Birincisi, Frank-Valter Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağın Azərbaycana aid olduğunu təsdiq etdi.

İkincisi, Frank-Valter Ştaynmayer beynəlxalq sərhədlər toxunulmazlğını söylədi: “Almaniya hər zaman bu mövqedən çıxış edib. Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirik”. Buna baxmayaraq, Almaniya Prezidenti 30 il davam edən münaqişədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişini razılaşdırmaq üçün böyük səylər tələb olunur. “Razılaşma imzalanandan sonra onun reallığa çevrilməsi hələ uzun illər tələb edəcək – deyən Almaniya Prezidenti sülh sazişinin imzalanmasının da vacib olduğunu bildirib. Almaniya Prezidenti haqlıdır. Sülh sazişi imzalandıqdan sonra da Cənubi Qafqazda dayanıqlı sülhün yaranması üçün hələ çox iş görülməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev almaniyalı həmkarıyla birgə mətbuata açıqlamasında sülh sazişinin imzalanması üçün Ermənistanın iki addım atması vacibliyini bildirdi. Birinci şərt Ermənistanın Minsk Qrupundan imtina etməsidir, ikinci şərt Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını əks etdirən bənd bu sənəddən çıxarılmalıdır. Azərbaycan Prezidenti almaniyalı həmkarına xatırlatdı ki, bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. İlham Əliyevin söylədiyi kimi, rəsmi İrəvan qısa müddətdə sülh sazişinin imzalanmasını istəyirsə, çətin olmayan bu iki addımı atmalıdır”. 

Politoloq vurğulayıb ki, Azərbaycan Almaniya ilə əlaqələrin inkişafında maraqlıdır:

“İlham Əliyevin Almaniya Prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bu səfərin iki ölkə arasındakı əlaqələrə müsbət təkan verəcəyinə tam əmin olduğunu vurğulayıb. Rəqəmlər də bundan xəbər verir. Bu ilin yanvar-fevral ayların da iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Almaniya Azərbaycanın enerji resurslarının Avropaya nəqlində maraqlıdır. Bunu Almaniya Prezidenti Bakıda bir daha təsdiq etdi.

Fransa hakimiyyəti ermənipərəst mövqeyinə görə, Azərbaycanla münasibətləri pisləşdirib. Fransa Prezidenti Emmanuel Makron bu səbəbdən Ermənistandan sonra Azərbaycana səfər edə bilmir. Makrondan fərqli olaraq Almaniya Prezidenti həm Ermənistana, həm də Azərbaycana səfər edə bilir. Bu Almaniyanın Cənubi Qafqazda mövqelərinin Fransadan üstün olduğunu göstərir. Digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan rəsmiləri bir neçə dəfə Berlində və Münhendə danışıqlar aparıblar. Müqayisə üçün, Azərbaycan və Ermənistan rəsmilərinin Fransada görüşlər artıq mümkün deyil”.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söyləyib ki, burada Avropa İttifaqının xarici siyasətini nəzərə almaq lazımdır:

“Almaniya dövlət kimi ikitərəfli münasibətlərin, ilk növbədə iqtisadi əlaqələrin inkişaf etməsini istəyir. Siyasi baxımdan onların Avropa İttifaqında mürəkkəb sistemi mövcuddur. Onlar orada koordinasiyalı şəkildə xarici siyasəti həyata keçirirlər. Avropa İttifaqında əsas rol oynayan ölkələrin Fransa və Almaniya olduğunu  bilirik. Hətta onların arasında bir-birilə də hansısa sahələrin bölünməsi nəzərdə tutulur. Alman diplomatları vaxtilə deyiblər ki, Balkan ölkələrini Almaniya əhatə edir, Qafqazı isə Fransa. Fransanın burada xarici siyasəti uğursuz olub. Ona görə ki, birtərəfli, ermənipərəst siyasət həyata keçiriblər. Demək olar ki, Gürcüstanda da onların siyasətinin nəticəsi xoşagəlməz olub. Bu baxımdan Almaniyanın fəallaşması bununla bağlıdır”.

Sabiq nazir qeyd edib ki, səfərdən əvvəl yaşananlar Almaniyanın bu məsələdə uğurlu olacağına olan ümidləri azaldır:

“Federal prezidentin konstitusiyaya görə funksiyaları fərqlidir. Orada dövlət başçısı əslinə qalsa prezident yox, kanslerdir. Amma bəzi xarici siyasihadisələrdə federal prezident də Almaniyanı təmsil edə bilir. Bu baxımdan hesab edirəm ki, onun regional səfəri ilk növbədə onunla bağlıdır ki, Avropa İttifaqı burada ümumi siyasətini həyata keçirərərkən Almaniya öz rolunu artırsın. Gözləyək, görək bu səfərin nəticəsi necə olacaq. Amma səfərin əvvəlində bəzi “siyasi” səhvlər ona gətirib çıxarıb ki, onun bu missiyasının çox da uğurlu olmasına ümidlər azdır”.

Seçilən
25
modern.az

1Mənbələr