Mingəçevirdə “Aprel döyüşlərinin Azərbaycanın müstəqillik mübarizəsində yeri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, icra hakimiyyəti tərəfindən təşkil edilən tədbirdən öncə Mingəçevir Şəhidlər xiyabanında Aprel şəhidləri Teymur Qasımovun, Adil Adilzadənin, Rüstəm Əhmədovun və Rahim Tağıyevin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad edilib.
Şəhid ailələrinin üzvlərinin, qazilərin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi konfransda Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan Aprel döyüşlərindən doqquz il ötdüyü diqqətə çatdırılıb. Vurğulanıb ki, 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun bölmələri tərəfindən yerinə yetirilən adekvat cavab tədbirləri nəticəsində düşmən ağır məğlubiyyətə uğrayıb. Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2 min hektardan çox hissəsi azad edilib, həmçinin minlərlə hektar strateji əhəmiyyətli ərazi ordumuzun tam nəzarətinə keçib. Qazanılan qələbə ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərib. Xalqımızın içində inam ruhunun dirçəldilməsində Aprel döyüşlərinin böyük rolu olub. Bu döyüşlər Vətən müharibəsindəki Qələbəyə aparan yolun başlanğıcına çevrilib.