İordaniya: İsrailin Suriyaya hücumları beynəlxalq hüququn pozulmasıdır
İordaniya İsrailin Suriya ərazisinə hücumlarını pisləyib və bunu "beynəlxalq hüququn açıq şəkildə pozulması" adlandırıb.İordaniya Xarici İşlər Nazirliyi dünən axşam saatlarında İsrailin Suriyanın müxtəlif bölgələrində həyata keçirdiyi və 9 nəfərin ölümünə səbəb olan hücumlarla bağlı açıqlama yayıb.Açıqlamada, İsrailin Suriyaya çox sayda insanın ölümü və yaralanması ilə nəticələnən hücumlarının ən sərt şəkildə pisləndiyi bildirilib.
Qeyd olunub ki, beynəlxalq hüququn, Suriyanın suverenliyini və birliyini açıq şəkildə pozan bu hücumlar regionda münaqişə və gərginliyin daha da artmasına töhfə verəcək təhlükəli eskalasiyadır.
Vurğulanıb ki, İsrailin 1974-cü ildə Suriya ilə imzalanmış Qüvvələrin Ayrılması Müqaviləsini açıq şəkildə pozaraq Suriya ərazisinə davam edən hücumları qəti şəkildə rədd edilir.
Beynəlxalq ictimaiyyətə “hüquqi və mənəvi məsuliyyətlərini üzərinə götürmək, həmçinin İsraili Suriyaya qanunsuz, təxribat xarakterli hücumlarını dayandırmağa və ərazisinin bir hissəsinin işğalına son qoymağa məcbur etmək” çağırışı edilib.
İsrailin beynəlxalq hüquq normalarına və dövlətlərin suverenliyinə hörmət tələb edən beynəlxalq legitimlik qərarlarına tabe olması və onun işlərinə qarışmaması vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, İordaniya bu ölkənin təhlükəsizliyi, sabitliyi və suverenliyi baxımından qardaş Suriya ilə tam həmrəydir.
Ötən gecə İsrail ordusu Həma hava limanı və ətraf məntəqələrə 14-dən çox hava hücumu həyata keçirib, həmçinin Homs vilayətindəki T4 Hərbi Hava Limanına və paytaxt Dəməşqdəki hərbi infrastruktura, Dera vilayətinin qərbinə isə minaatan və artilleriya zərbələri endirib.
Suriyanın rəsmi agentliyi SANA-nın xəbərində, İsrailin dünənki Dərəyə hücumları nəticəsində 9 mülki vətəndaşın həyatını itirdiyi, çox sayda mülki vətəndaşın isə yaralandığı bildirilib.
aia.az
Tərcümə şöbəsi


