Son illər ərzində Azərbaycana gələn turist sayında kəskin azalma müşahidə olunur. Sözsüz pandemiyadan sonra bu durğunluq və ya turist sayının azalması başa düşülən idi. Lakin turizm sahəsində inkişaf edən ölkələr pandemiyadan sonra qısa zaman ərzində irəlləyişə nail ola bildilər. Lakin rəsmi statistikalara nəzər saldıqda Azərbaycanın bu sahədə ugurlu olduğunu demək mümkün deyil.
Belə ki, bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq 338 min 600 nəfər olub.
Turizm eksperti Cəfər Qarayev Vətəninfo.az saytına açıqlamasında bildirib ki, 2008-ci ildə ən çox qonşu ölkələrdən turistlər Azərbaycana səfər edirdi.
“Bu turizmin yeni inkişafa başladığı dövrlər idi. Pandemiyaya qədər Azərbaycanda turizm sahəsində inkişaf pik həddə idi. 2019- cu ildə Azərbaycana çoxsaylı turist gəldi. Bu gündə biz 2019-cu ilin statistikasını yeniləyə bilmirik. Son illər ərzində turizm sahəsində kəskin azalma müşahidə olunur. Bizdən fərqli olaraq qardaş Türkiyə və Gürcüstanda turizm sahəsində inkişaf mərhələsindədir. Amma bizdə bu azalmanın müəyyən səbəbləri. Bu gün Mərkəzi Asiya ölkələrinin Azərbaycana maraqları artıb və turistlər Azərbaycana səfər edir. Bu gün rəqəmlərə nəzər yetirsək Hindistan və Pakistan gələn turistlərin sayıənda ciddi artım görmək mümkündür. Məncə Azərbaycanda turist sayında kəskin azalmanın əsas səbəblərindən biri quru sərhədlərimizin bağlı olmasıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3.9 dəfə, Tacikistandan 1.9 dəfə, Çindən 1.8 dəfə, İspaniyadan 1.7 dəfə, İordaniyadan 44.6 faiz, Hindistandan 44 faiz, Qırğızıstandan 25.7 faiz, Qazaxıstandan 21 faiz, Pakistandan 19.6 faiz, Misirdən 18.9 faiz, ABŞ-dən 17.4 faiz, Niderlanddan 16.5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1.6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9.9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9.2 faiz azalıb. Amma nəzərə alsaq ki, son illər ərzində Azərbaycanda çoxsaylı turizm obyektlərinin tikintisi, Qarabağda 5 ulduzlu ötellərin tikilib istifadəyə verilməsi onu deməyə əsas verir ki, tezliklə turizm sahəsində irəlləyişlər əldə ediləcək.” -deyə Cəfər Qarayev bildirib.