Yazın gəlişi ilə bir çox insan, xüsusilə də qadınlar, ideal bədənə sahib olmaq üçün sürətli şəkildə çəki atmaq istəyirlər. Sosial şəbəkələrdə və internetdə sürətli arıqlamaq üçün müxtəlif pəhrizlər və təkliflər mütəmadi olaraq paylaşılır. Lakin, bu cür sürətli həllər çox zaman sağlamlıq üzərində ciddi mənfi təsirlər yaradır.
Bədənin estetik görünüşünü tənzimləmək istəyi ilə edilən sürətli çəki itirmə metodları, yalnız qısa müddətli nəticələr verə bilər, ancaq uzunmüddətli dövrdə ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Sürətli pəhrizlərin və çəki itirmə üsullarının sağlamlıq üzərindəki təsirləri haqqında daha çox məlumatlı olmaq və doğru seçimlər etmək uzunmüddətli nəticələr əldə etmək üçün olduqca vacibdir.
MÖVZU İLƏ BAĞLI:
Sağlamlığa zərər vurmadan arıqlamağın QIZIL QAYDASI
Bəs, sürətli çəki itirməyin sağlamlıq üzərində uzunmüddətli təsirləri nələrdir?
Mövzu ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis İlkin Şirinov Bizim.Media-ya bildirib ki, müxtəlif üsullarla sürətli çəki verməyə başlamazdan öncə insanlar mütləq ki, həkim və dietoloqla məsləhətləşməlidir.
“Çünki onlar müayinə olunmalı və hansı pəhriz növü uyğundursa, o tətbiq edilməlidir. Təəssüf ki, bu gün sosial şəbəkələrdə tibbdən xəbəri olmayan insanlar arıqlama və pəhriz üsulları təklif edirlər. Çəki atmaq istəyənlər isə mütəxəssislə məsləhətləşmədən həmin növlərdən istifadə etməyə başlayırlar.
Sonra isə bədəndə müxtəlif fəsadlar meydana çıxır, bədən öz müvazinətini itirir və belə olduqdan sonra həkimə müraciət edirlər. Bu da insanların sağlamlığı hesabına başa gəlir. Həmin şəxslər öncəliklə əzələ itirirlər. Daha sonra təzyiq və ürəklə bağlı problemlər ortaya çıxır. Bədəndə davamsızlıq baş verir",- deyə o, vurğulayıb.
Ayşən Rəhim, Bizim.Media